Ukraynada 250-300 rusiyalı əsirlikdə saxlanılır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəsmisi Aleksey Arestoviç məlumat verib.
“Mən deyə bilərəm ki, əsirlikdə olanların sayı nə qədərdir. Ən azı 250-300 nəfəri var, yalnız çağırışçılardır”, - Aretoviç bildirib.
Ukrayna rəsmisi əlavə edib ki, ötən gün çağırışçıların iştirakı ilə mətbuat konfransı keçirilib: “Çağırışçılar çox maraqlı şeylər danışdılar, əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçı çağırışçıları, Qarabağda olan və əvvəllər Donbasda döyüşmüş qondarma sülhməramlılar".
Onun sözlərinə görə, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin döyüş əməliyyatlarının getdiyi elə bir bölgə yoxdur ki, orada çağırışçı hərbçilər olmasın: “Ukraynadakı müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır. Məsələ ondadır ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var”.
“Mən həmçinin hesab edirəm ki, Ukraynada öldürülən rus əsgərlərinin yarısı da çağırışçılardır”,- Aretoviç deyib.
Qeyd edək ki, dünən Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna göndərdiyi ordunun tərkibində hərbi xidmətə yeni çağırılan hərbçilərin olduğunu etiraf edib.