Ukraynaya qarşı Belarus cəbhəsinin açılması planı baş tutmadı.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko açıqlama verib.
“Müsbət gəlişmə budur ki, Belarus cəbhəsinin açılması baş tutmadı. Görünür, Lukaşenko bu cür döyüşlərə başlamaqdan çox qorxur, başa düşür ki, bu addımı atsa, Belarus prezidenti kimi özünü bitirəcək. Belarusun ordusu kiçikdir, cəmi 40 000 nəfər şəxsi heyəti var. Eyni zamanda, müxtəlif hesablamalara görə, 5-8 döyüşə hazır birliyi mövcuddur, bura da maksimum 10 min canlı qüvvə daxildir. İndi bu ordunu bura atmaq, əvəzində bir neçə min tabut almaq deməkdir. Belarus əhalisi bu cür macəralara qəti şəkildə qarşıdır”, - Denisenko bildirib.
O xatırladıb ki, Belarusda bu yaxınlarda keçirilən sorğuya əsasən, respondentlərin yalnız 3%-i Ukraynanın işğalını dəstəkləyib.
“Düşünürəm ki, Lukaşenko yaxın gələcəkdə Belarusdan quru müdaxiləsinin olmaması üçün əlindən gələni edəcək”, - nazirin müşaviri deyib.