13 Mart 2022 17:55
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Hindistan mübahisəli sərhəd xəttindəki gərginliyi azaltmaq üçün 22 aylıq danışıqlardan sonra toqquşmaların baş verdiyi sərhədlərinin qərb hissəsində təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün müvəqqəti anlaşma əldə ediblər.

Teleqraf.com xəbər verir ki, ötən gün Moldo-Çuşul sərhəd məntəqəsinin Hindistan tərəfində iki ölkənin silahlı qüvvələrinin rəsmiləri arasında danışıqların 15-ci raundu keçirilib.

Görüşdən sonra verilən birgə bəyanatda De-fakto Nəzarət Xəttinin (LAC) qərb hissəsini təşkil edən Ladaxın şərqindəki bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə hərbi və diplomatik kanallar vasitəsilə dialoqu davam etdirməyə razılaşdıqlarını bildiriblər.

Yanvarın 12-də keçirilən danışıqların 14-cü raundunda məqsədin sərhədin qərb hissəsində yaranmış fikir ayrılıqlarını həll etmək olduğunu xatırladan tərəflər dövlət başçılarının tapşırıqlarına uyğun olaraq regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi barədə razılığa gəliblər.

2020-ci il iyunun 15-də Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin hərbçiləri arasında baş verən qarşıdurmada 20 Hindistan əsgəri həlak olub. Çin də münaqişədə 4 əsgərinin həlak olduğunu açıqlayıb.

Qarşıdurmadan sonra hər iki ölkə bölgədəki hərbi qüvvələrinin sayını artırıb. Hindistan yer-hava tipli raketdən müdafiə sistemini, Çin isə haubitsa və tanklarını bölgədə yerləşdirib. Bu gərginlik dünyada sayca ən böyük ordulara malik ölkələrin ictimai rəyində müharibə ritorikası daha da gücləndirib.

Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çayları, gölləri, buzlaqları və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.

Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edərkən, Dehli Aksay Çin yaylasının 38 min kvadrat kilometrinin Pekin tərəfindən işğal olunduğunu iddia edir.

Tərəflər uzun illərdir ki, suverenlik mübahisələrini həll edə bilmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər