“ABŞ-ın məşhur CNN xəbər kanalının məlumatına görə, Tayvan Çinin hücuma başlayacağından ehtiyat edir. Pekin bu iddiaları rədd etsə də, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi uzandıqca Tayvan ətrafında təhlükə artır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert sözügedən bölgədəki silahlanma prosesinə diqqət çəkib:
“Amerikalı siyasi və hərbi ekspertlərin sözlərinə görə, Çin son aylarda Tayvan adası ətrafında hərbi gücünü artırıb. Çin ada ətrafında hərbi təlimlərinin sayını da artırıb. Səmada hərbi təyyarələrinin uçuşları intensivləşib. Tayvan bu vəziyyətdə 2022-ci il üçün hərbi xərclərini artırıb, 9 milyard dollara yaxın vəsait əlavə edilib. Tayvan adasında çağırışçılar orduya cəlb edilib.
Pekin Ukraynadakı müharibənin gedişini diqqətlə izləyir və Tayvanla bağlı qərarını buna uyğun verəcək. Rusiya Ukraynada ciddi müqavimətlə üzləşib, xeyli itkisi var. Çin Tayvana hücum edərsə, durum oxşar olacaq. Əlbəttə, ABŞ Ukrayna nümunəsində olduğu kimi Tayvanın müdafiəsinə atılmayacaq, ancaq əlindən gələni edəcək ki, Çin müharibədə uğur qazanmasın. Ukraynadan fərqli olaraq Tayvan iqtisadi zəmində inkişaf edib, ada mikrosxemlərin istehsalı üzrə dünya lideridir. Bu mikrosxemlər olmadan mobil telefonlardan tutmuş avtomobilə qədər müxtəlif məhsulların istehsalı dayana bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir müddət öncə bildirmişdi ki, Rusiyanın Ukraynaya hücumu Çini də Tayvana hücuma başlamağa həvəsləndirəcək və ada işğal olunacaq. Pekin hələ tələsmir. Çin hakimiyyəti Kremldən fərqli olaraq adaya hücumun bütün fayda və zərərlərini hesablamağa çalışır ki, nəticə onun zərərinə olmasın”.