Özbəkistan Konstitusiyasına səhiyyə ilə bağlı dəyişikliklər planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bu barədə ölkə prezidenti Şavkat Mirziyoyevin martın 18-də səhiyyə işçiləri ilə görüşündə məlumat verdiyini bildirib.
“Mövcud Konstitusiyanın 40-cı maddəsində göstərilir ki, “Hər kəsin ixtisaslı tibbi yardım almaq hüququ vardır”. Əminəm ki, səhiyyə sahəsində qarşımıza böyük məqsəd və vəzifələr qoyduğumuz indiki şəraitdə təkcə bu konstitusiya maddəsi bizə kifayət etmir. Bu gün bizim tibb sistemimizin konstitusiya əsaslarını daha da gücləndirməliyimiz vacibdir”, - Mirziyoyev bildirib.
Onun fikrincə, səhiyyə sisteminin əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edəcək yüksək ixtisaslı müasir sahəyə çevrilməsi məsələsi birbaşa konstitusiya norması kimi ölkənin əsas qanununda təsbit edilməli, Konstitusiyaya tibb işçilərinin yüksək statusunu təmin edən norma daxil edilməli və tibbi sığortanın müxtəlif formalarının inkişafı üçün konstitusiya bazası yaradılmalıdır.
“Dövlət ətraf mühitin qorunması üçün təsirli tədbirlər görməlidir. Çünki təmiz və saf ekologiya olmadan əhalinin sağlamlığını, millətin genofondunu qorumaqdan danışmaq mənasızdır. Eyni zamanda, dövlət ekologiya sahəsində pozuntular nəticəsində vətəndaşların sağlamlığına dəymiş zərərin ödənilməsi üçün məsuliyyət daşımalıdır”, - deyə prezident vurğulayıb.
Dəyişikliklərlə tibb işçilərinə yüksək status verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ş.Mirziyoyev andiçmə mərasimində çıxış edərkən Konstitusiyaya bir sıra dəyişikliklər etmək niyyətində olduğunu bildirmişdi. Dəyişikliklər layihəsinin 2022-ci ilin sonunda qəbul edilməsi planlaşdırılır.