Ukrayna müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub, Xarkov yaxınlığında isə bəzi istiqamətlərdə əks hücuma keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
“İzyum istiqamətində döyüşlər davam edir. Bu gün Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri İzyum rayonundakı mobil bölmələri Rusiyanın Su-34 qırıcısını məhv edib. Bu, düşmən ordusunun ən yeni təyyarələrindən biridir”, - Sinequbov bildirib.
Eyni zamanda, Ukrayna ordusunun Xarkov yaxınlığında mövqelərini saxlamaqda davam edir və bəzi rayonlarda əks-hücum əməliyyatına başlayıb.
Sinequbov əlavə edib ki, bu gecə Xarkovda atışma davam edib, işğalçılar uzaqmənzilli silahlarla təxminən 15 dəfə zərbələr endiriblər: “Gecə saatlarında Xarkov xilasediciləri Moskva və Sloboda rayonlarında işğalçıların atəşə tutulması nəticəsində yaranan yanğın yerlərinə gediblər”.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğalçıları Qusarovkadan vurub çıxarıb.