31 Mart 2022 10:51
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus qoşunlarının Kiyev və Çerniqov vilayətləri istiqamətində hərbi fəallığının azalması onların geri çəkilməsinin deyil, Ukrayna hərbçiləri tərəfindən qovulmasının nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski deyib.

Zelenski Rusiya ilə aparılan danışıqlar haqda bunları söyləyib:

“Hazırda danışıqlar prosesi gedir. Ancaq bunlar hələ də sözlərdir. Hələlik konkret anlaşma yoxdur.

Guya rus qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı başqa sözlər də var. Bu istiqamətlərdə işğalçıların guya fəallığının azalması haqqındadır. Bu, müdafiəçilərimizin əməyinin nəticəsidir. Eyni zamanda görürük ki, rus qoşunları Donbasa yeni zərbələr endirmək üçün cəmlənir. Biz buna hazırlaşırıq.

Heç kimə, heç bir gözəl sözə inanmırıq. Reallıq döyüş meydanındadır. İndi bu, ən vacib şeydir. Biz heç nə verməyəcəyik, torpağımızın hər metri, hər bir insanımız üçün vuruşacağıq”.

Zelenski ABŞ Prezidenti Baydenlə danışdığını, təfərrüatını açıqlamadığı söhbətin iki saat davam etdiyini deyib.

“Əlimdən gələni etmişəm, edirəm və edəcəyəm ki, ədalət bərpa olunana qədər xalqımız özünü müdafiə edə bilsin”, - dövlət başçısı bildirib.

Zelenski ölkəsinin Gürcüstandakı səfirinin geri çağırıldığını da açıqlayıb:

“Dövlətin müdafiəsi üçün hamı ilə birgə çalışan insanlar var. Hər bir belə insanın əməyini yüksək qiymətləndiririk. Amma elələri də var ki, vaxt itirirlər, ancaq vəzifədə qalmaq üçün çalışırlar. Belə insanların geri çağırılması ilə bağlı ilk sərəncamı imzaladım. Bu çərçivədə Ukraynanın Mərakeş və Gürcüstandakı səfiri geri qaytarılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər