Ərəb Birliyi Tunisdə bazar günü keçirilən prezident seçkilərinin ilk mərhələsinin qanunlara uyğun şəkildə gerçəkləşdiyini bildirib.
Teleqraf.com-un məlumatına görə, Ərəb Birliyi Seçki Müşahidə Komissiyası bununla bağlı rəsmi açıqlama yayıb. Müvafiq bəyanatda seçkilərin ilkin mərhələsinin tam demokratik şəkildə, şəffaflıq şəraitində baş tutduğu vurğulanıb: "Tunisdə prezident seçkisi qanunlara uyğun şəkildə reallaşıb və xalq azad şəkildə səsvermə hüququndan istifadə edib. Seçkinin müxtəlif mərhələlərində yaşanan anlaşılmazlıqlar və pozuntuların nəticələrə əhəmiyyətli təsiri olmayacaq. Səsvermə prosesi sakit və mütəşəkkil mühitdə keçib".
Xatırladaq ki, Tunis Səsi Partiyasının lideri əl-Baci Kaid es-Sibsi seçkilərin birinci mərhələsində yüzdə 39,4 faiz səs toplayaraq öndə gedir. Hazırkı prezident Məhəmməd Munsif əl-Mərzuki isə 33,4 faiz səs toplayaraq, onu üstələyən rəqibi ilə ikinci turda təkrar yarışmaq imkanı qazanıb.
Nail Cəlil