Hökumətdən uzaqlaşdırılan Pakistanın keçmiş baş naziri İmran Xan həyatının təhlükədə olduğunu və ötən ilin yayından etibarən ona qarşı sui-qəsd hazırlayanların adlarını açıqladığı video çəkdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, müstəqil xarici siyasət yeritdiyi üçün yerli oyunçuların əlləriylə xarici qüvvələr tərəfindən devrildiyini iddia edən İmran Xan bu iddianı Sialkot şəhərində keçirdiyi mitinqdə səsləndirib.
“Ölkə və xaricdəki qapalı otaqlarda mənə qarşı sui-qəsd hazırlanır və onlar İmran Xanın ölməsini istəyirlər. Mənim bu sui-qəsddən xəbərim var. Ona görə də video çəkdim və seyfdə saxlayıram. Mənə bir şey olsa, bu video ictimaiyyətə açıqlanacaq. Keçən yaydan bu yana bu sui-qəsd planına şərik olan hər kəsin adını çəkmişəm”, - sabiq baş nazir bildirib.
İmran Xan çıxışını belə davam etdirib:
“İmran Xanın onlara maneə ola biləcəyini və aradan qaldırılmalı olduğunu düşünürlər. Ona görə də bu videonu çəkdim, çünki düşünürəm ki, bu, siyasət deyil, cihaddır. Əgər mənə bir şey olarsa, bütün pakistanlılarımın bu sui-qəsdə kimin şərik olduğunu bilmələrini istəyirəm”.
İmran tərəfdarlarını İslamabada doğru planlaşdırılan yürüşə qoşulmağa çağırıb və deyib ki, əks təqdirdə bu ölkə məhv olacaq.