16 May 2022 23:14
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ABŞ-ın bəzi rəsmi nümayəndələrin “F-16”ların Türkiyəyə satışı ilə bağlı müsbət açıqlamaları və Co Bayden administrasiyasının buna dəyişən münasibəti qonşu Yunanıstanı qorxuya salıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-dakı yunan lobbisinin təzyiqləri işə yaramadığından Baş nazir Kiriakos Mitsotakisin başqa bir təkliflə ABŞ-a gedəcəyi iddia edilib.

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis gecə saatlarında Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Mitsotakis sabah ABŞ Konqresində çıxış edəcək və bir sıra görüşlər keçirəcək. Hökumətin sözçüsü Yanni İkonomu bildirib ki, Yunanıstan baş naziri həm Baydenlə görüşündə, həm də Konqresdəki təmaslarında Türkiyə ilə bağlı məsələni gündəmə gətirəcək.

Türkiyənin ABŞ-dan 40 ədəd “F-16” alması və 80-ə yaxın “F-16”nın modernləşdirilməsi tələbinin qəbul edilməməsi üçün Mitsotakisin Senat üzvlərini razı salmağa çalışacağı gözlənilir.

Digər tərəfdən, Yunanıstan mətbuatının iddiasına görə, ABŞ-ın Ukrayna üçün silah axtardığını bilən Afina “S-300 kartı”ndan istifadə etməyi planlaşdırır. Mitsotakisin ABŞ-ın tələbi ilə Yunanıstanın əlində olan “S-300” sistemlərini Ukraynaya verə biləcəyi, amma bunun müqabilində ABŞ-dan “F-35” qırıcıları istəyəcəyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu