Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya ilə bağlı mühüm açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan terror təşkilatlarına dəstək verən bu ölkələrin NATO-ya açılan qapılarını rəsmən bağlayıb.
Prezident Ərdoğanın açıqlamalarında diqqət çəkən məqamlar:
“İsveçdən 30 terrorçunu istədik, amma vermədilər. Siz terrorçuları təslim etməyəcəksiniz, amma qalxıb bizdən NATO-ya daxil olmaq istəyəcəksiniz. NATO təhlükəsizlik təşkilatıdır. Təhlükəsizliyin pozulmasına “hə” deyə bilmərik.
NATO müttəfiqlərimizin bizə qarşı münasibətinə baxmayaraq, üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam etdik.
Heç kimin torpağında, suverenliyində, mal-mülkündə gözümüz yoxdur. Bizim yeganə məqsədimiz ölkədə sabitliyi pozmaq və xalqımızın təhlükəsizliyinə təhlükə törətmək cəhdlərini mənbəyində almaqdır. Əgər tərəfdaşlarımız güc və iradə nümayiş etdirsəydilər, heç vaxt belə bir şeyə ehtiyacımız olmazdı, belə bir addım atmazdıq. Şərtlər bizi buna məcbur etdi.
Dəfələrlə oynanılan bu oyunları sınamağa çalışanların da cəhdləri boşa çıxır. Hazırda bu ölkələrə verilən pullar göz qabağındadır. Onlara onlarla milyon avro verirlər ki, terror təşkilatı daha da böyüsün. Türkiyədəki terror təşkilatlarına minlərlə yük maşını texnika, sursat, silah göndərilmədimi? Onlar bizim NATO-dan olan tərəfdaşlarımız deyilmi? Üzrlü sayın, amma bir daha bu dəlikdən keçməyəcəyik.
Sərhədlərimiz boyunca yaratmağa çalışdığımız təhlükəsizlik zonalarının önəmli hissəsini tamamlamışıq. Qalan hissələri ən qısa vaxtda həyata keçirmək əzmindəyik. Bölgədəki tərəfdaşlarımızla vacib barışığı əldə etməyə və qalan əraziləri qısa müddətdə təhlükəsiz etməyə çalışırıq.
NATO-dakı müttəfiqlərimizə səslənirəm: gəlin, Türkiyənin qanuni, ədalətli və humanitar əməliyyatlarını dəstəkləyin, heç olmasa bizə badalaq vurmağa çalışmayın. Demokratiya, təhlükəsizlik və firavanlıq sizin də, millətimizin də, bizə sığınan məzlumların da, güvən verdiyimiz qurbanların da haqqıdır. Üstəlik, müttəfiqlərimizdən fərqli olaraq heç bir günahsız insanın saçının telinə toxunmadan, heç bir mülki şəxsin ləyaqətinə toxunmadan demokratiya və təhlükəsizlik əməliyyatlarımızı həyata keçiririk”.