24 May 2022 16:48
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzündən sonra buğda qiymətləri son 14 ilin ən yüksək səviyyəsinə qalxıb və ABŞ-dan sonra İngiltərə taxıl ixracatını yenidən başlatmaq üçün hərəkətə keçib. İngiltərənin bəzi NATO ölkələrinin də yer aldığı bir plan üzərində işlədiyi açıqlanıb, planda Türkiyə ilə bağlı detallar diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi 14 ildən sonra dünyada buğdanın qiymətini pik həddə qaldırıb. İngiltərə Ukraynaya taxıl daşıyan yük gəmilərini qorumaq üçün hərəkətə keçib.

Bildirilir ki, Britaniya müttəfiqləri ilə Ukraynanın taxıl daşıyan yük gəmilərini qorumaq üçün Qara dənizə hərbi gəmilər göndərmək barədə danışıqlar aparır. İngiltərənin “The Times” qəzeti bu addımla İngiltərənin Odessadan Bosfor boğazında “qoruyucu dəhliz” yaradaraq, həftələr ərzində Rusiyanın blokadasını yarmağı hədəflədiyini yazıb.

Bununla paralel olaraq ABŞ Rusiyanın limanların blokadasını yarmaq və gözlənilən ərzaq böhranının qarşısını almaq üçün Ukraynaya uzunmənzilli gəmi əleyhinə raketlər göndərmək planı üzərində işlədiyini açıqlayıb.

İngiltərənin Xarici işlər naziri Liz Trussın İngiltərənin gündəmə gətirdiyi Bosfor boğazından Odessaya qədər uzanan dəhliz layihəsi ilə bağlı bəzi NATO ölkələrinin qapısını döydüyü bildirilir. Litvanın Xarici İşlər naziri Q.Landsbergis də taxıl ixracından asılı olan ölkələrin planda iştirakını gözlədiklərini açıqlayıb.

Buğda qıtlığından ən çox əziyyət çəkən ölkə olan Misirin koalisiyaya qatılacağı gözlənilir. Əməliyyat Böyük Britaniya limanda və regionda minaları təmizləmək, Ukraynanı Rusiyanın hücumundan qorumaq üçün daha uzunmənzilli silahlarla təmin etmək məqsədi daşıyır.

Ötən gün ABŞ-ın Müdafiə naziri Lloyd Austin 20 ölkənin qəbul etdiyi təhlükəsizlik paketi çərçivəsində Danimarkanın Ukraynaya sahillərini qorumaq üçün raketlər göndərəcəyini açıqlayıb. Təxminən 200 mil mənzilli gəmi əleyhinə raketlər Ukrayna limanlarını və Qara dənizin şimal-qərb hissəsini mühasirəyə alan Rusiya gəmilərini hədəf almağa imkan verəcək. Ukrayna rəsmilərinin sözlərinə görə, hazırda Rusiyanın Qara dənizdə altı gəmisi və iki sualtı qayığı var.

Litvanın Xarici İşlər naziri Landsbergis avtomobil və ya dəmir yolu kimi alternativlərin müzakirə edildiyini, lakin ruslar Ukraynanın taxıl ixracını pozduğu üçün bunların kifayət etməyəcəyini açıqlayıb. Ona görə də ölkələr ən yaxşı yolun Qara dənizdən keçdiyinə inanırlar.

İngiltərə planı ilə Qara dənizə yerləşdirilən gəmi və təyyarələr sayəsində Ukrayna taxıl gəmiləri Odessa limanını tərk edərək Boğaza çata biləcək.

“Bizim etməli olduğumuz qlobal ərzaq təhlükəsizliyi probleminin öhdəsindən gəlməkdir. Böyük Britaniya taxılın Ukraynadan çıxarılması üçün təcili həll yolu üzərində işləyir”, - Britaniyanın baş diplomatı deyib.

Diplomatik mənbə bildirib ki, beynəlxalq ictimaiyyət Odessadan taxıl daşıyan gəmiləri müşayiət etmək üçün hərbi gəmilərin göndərilməsini dəstəkləyir.

Lakin “The Times” qəzetinə danışan adı açıqlanmayan yüksək vəzifəli məmur bildirib ki, Rusiya ilk növbədə belə bir əməliyyatı qəbul etməlidir: "Rusiyanın icazəsi olmadan buna cəhd etmək yeni insident riskini artıracaq”.

Moskva administrasiyası gəmilərin Odessadan çıxmasına icazə verilməsi xahişini indiyədək rədd edib.

Türkiyənin gəmilərin təhlükəsiz keçə bilməsi üçün zəmanət verməli olacağı da vurğulanıb. Ukraynaya hücumdan sonra Ankara İstanbul və Çanaqqala boğazlarını bütün döyüş gəmilərinin üzünə bağlayıb.

Hazırda Ukrayna limanlarında milyonlarla ton taxıl ixracı gözlədiyi halda, mövsüm məhsulu ilə bu taxıllara milyonlarla ton yeni taxıl əlavə olunacaq. Ehtiyatların ixrac oluna bilməməsi dünya ərzaq qiymətlərində ciddi artıma səbəb olmaqla yanaşı, aclıq xəbərdarlığına da səbəb olub.

Ukrayna son həftələrdə Rusiyanın limanları işğal etməsi səbəbindən ixrac edilə bilməyən 20 milyon ton buğda olduğunu açıqlayıb. Avropa İttifaqı Komissiyası Ukraynaya dəstək verəcəklərini açıqlayıb və bir sıra fəaliyyət planlarının olduğunu bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər