“İtaliyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri reallıqdan kənardır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, problemlərin həlli üçün təklif olunan variantları ciddi qəbul etmək çətindir.
“Rusiya Federasiyasına qarşı sanksiyaların daha da sərtləşdirilməsi və Kiyev rejiminə hərbi dəstəyin davam etdirilməsi məntiqini ön plana çıxaranların sülh təşəbbüslərində maraqlı olduqlarını demələri təəccüblüdür”, - Zaxarova bildirib.
XİN-in rəsmi nümayəndə qeyd edib ki, nazirlik bu planı İtaliyadan almayıb, mediada dərc olunan yazılar əsasında öyrənilib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə bundan əvvəl demişdi ki, Moskva Ukrayna ilə bağlı məsələlərin dinc yolla nizamlanması üçün Romadan təkliflər alıb və buna baxılacaq.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də İtaliyanın təkliflərini “ucuz sxem” adlandırıb.
İtaliya Ukrayna-Rusiya münaqişəsinin dinc yolla nizamlanması üçün dörd mərhələli planın hazırlandığını açıqlayıb.
İtaliya birinci mərhələdə sülh danışıqlarına başlamaq və atəşkəsin elan edilməsini təklif edib. Bundan əlavə, təkliflərə cəbhə xəttinin demilitarizasiyası və Ukraynanın beynəlxalq neytral statusu ilə bağlı danışıqların aparılması, Rusiya ilə Ukrayna arasındakı ərazi məsələlərinin müzakirəsi və Kiyev-Moskva münasibətlərini tənzimləyən sazişin bağlanılması daxildir.