29 May 2022 17:59
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terror təşkilatına verdiyi dəstəklə Türkiyədən sərt reaksiya alan Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq İdarəsinin direktoru Bred Makqurk öz ölkəsində də etirazların mərkəzinə çevrilib.

Teleqraf.com xəbər verir ki, amerikalı generalın Ağ Evdə “yaxın şərqli diktator” adlandırıldığı bildirilib.

İŞİD terror təşkilatının yüksəlişinin memarı və PKK-nın himayədarı kimi tanınan, 2004-cü ildə vəzifəyə gəldikdən bəri siyasəti Yaxın Şərqi ölüm, dağıntı və xaosla yoğuran Bred Makqurk artıq ABŞ hökumətində də etiraz yaradıb.

“Huffington Post” qəzetinə açıqlama verən amerikalı rəsmilər baş verənlərə görə onu tənqid ediblər.

Makqurk 2004-cü ildə keçmiş prezident Corc Buşun dövründə Dövlət Departamentində işə başlayıb. Barak Obama dövründə İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndə vəzifəsində çalışdıqdan sonra - Donald Trampın zamanında istefa verib. Amerikalı siyasətçilər 18 il çalışdığı Yaxın Şərqdə sakit dayana bilməyən və Co Baydenin prezident seçilməsi ilə Mərkəzi Komandanlığın Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru təyin edilən Makqurkun ölkəsinə də problem yaratdığını deyiblər.

Qəzetə danışan siyasətçilərdən biri bildirib ki, Bayden Tramp dövründə pisləşən Çin və Avropa ilə münasibətləri bərpa etmək üçün milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Dövlət katibi Entoni Blinken və onun müavini Vendi Şermanı təyin edib.

Baydenin Yaxın Şərqi tanıyan təcrübəli bir şəxs olduğu üçün Makqurka yenidən vəzifə verdiyini deyən siyasətçi Ukrayna müharibəsindən sonra generalın bütün yükü öz üzərinə götürdüyünü və Ağ Evdə “yaxın şərqli diktator”a çevrildiyini vurğulayıb.

Demokrat Partiyasından olan başqa bir siyasətçi Makqurkun ölkənin Yaxın Şərq və Şimali Afrika siyasətləri ilə bağlı müxalif fikirləri ciddi qəbul etmədiyini, onlara məhəl qoymadığını və hətta susdurduğunu bildirib. Jurnalist Camal Qaşıqçının qətlindən sonra 30 konqresmenin “ABŞ-Səudiyyə münasibətlərinə yenidən baxılması” mövzusunda hesabat hazırladığını bildirən siyasətçi generalın bu hesabatı oxumadan atdığını qeyd edib.

Digər siyasətçi isə Makqurku ABŞ-ın Yaxın Şərq siyasətinin dəyişdirilməsinin və bu mövzuda fərqli fikirlərin səsləndirilməsinin qarşısını almaqda ittiham edib. İstədiyinə nail olmaq üçün zorbalığa əl atdığını deyən siyasətçi Makqurkun ona etiraz edənləri təhqir etdiyini, təhqiramiz mesajlar göndərdiyini və heç vaxt üzr istəmədiyini söyləyib. Makqurku “ölkənin siyasi çarxlarını dayandıran” biri kimi xarakterizə edən anonim siyasətçinin sözlərinə görə, o, hər cür dəyişikliyi ləngidəndir, köhnə ideologiyalara bağlı adamdır.

Ağ Evin keçmiş yüksək vəzifəli rəsmisi Makqurk haqda deyib: “2010-cu ildə ABŞ-ı diktator Nuri əl-Malikini dəstəkləməyə məcbur etdi. İŞİD-in yüksəlişinə zəmin yaradan qərar üçün vitse-prezident Baydeni öz tərəfinə çəkmişdi”.

Makqurkun uzun müddətdir bu prosesə başçılıq etdiyinə, bu gün Yaxın Şərqdə “uğursuz ABŞ” imicinin olduğuna diqqət çəkən siyasətçi Rusiya lideri Vladimir Putinin bundan ruhlanaraq Ukraynaya hücum etdiyini söyləyib. O, baş verənlərə görə Makqurkun məsuliyyət daşıdığını bildirib.

Baydenin Makqurka Yaxın Şərqdə güclü ABŞ anlayışı yaratmağı tapşırdığını deyən siyasətçi generalın bunun əksini etdiyini qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bu adam terrora rəhbərlik edir” deyərək Makqurku tənqid etmişdi.

2004-cü ildə vəzifəyə gəldiyi zaman İraq Konstitusiyasının yazılmasında mühüm rol oynayan Makqurk İraqı etnik və məzhəblərarası xaos ölkəsinə çevirərək İŞİD-in 2014-cü ilin iyununda Mosulu ələ keçirməsinin yolunu açıb. Bundan sonra İŞİD-i bəhanə edərək bölgədə genişlənməyə başlayan PKK/YPG terror təşkilatına tam dəstək verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər