Qərb mətbuatı Putin və Ərdoğanın oxşarlığından yazdı
Rusiya prezidenti Vladimir Putin Ankara Hava Limanında rəsmi mərasimlə qarşılanıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün Putinin Türkiyəyə səfəri başlayıb. Xüsusi təyyarəsi ilə Ankaraya gələn Putinin başçılıq etdiyi nümayəndə heyətini hava limanında enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Xarici İşlər Nazirliyinin və Rusiyanın Türkiyədəki səfirliyinin rəsmiləri qarşılayıb.
Putin Ankarada ilk olaraq Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək. Prezident Sarayında qarşılanma mərasiminin ardından Putin və Rəcəb Tayyib Ərdoğan təkbətək görüşəcək. İki ölkə liderləri arasında qarşılıqlı olaraq tarixi əhəmiyyətli sənəd kimi səciyyələndirilən 100 milyard dollarlıq texniki maneələri aradan qaldıracaq 5 maddəlik bir müqavilənin imzalaması gözlənilir.
Bundan başqa Putin bu gün keçiriləcək Türkiyə Cumhuriyəti-Rusiya Federasiyasının Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) 5-ci iclasında çıxış edəcək və Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşəcək.
Putinin axşam saatlarında Türkiyəni tərk edəcəyi gözlənilir.
Bu arada Qərb mətbuatı iki liderin görüşünü “Çar və Sultanın görüşü” kimi dəyərləndirir. Almaniyanın “Fokus” jurnalı Ərdoğan və Putinin oxşarlıqları ilə bağlı məqalə dərc edib: “Hər iki lider Qərb dövlətləri tərəfindən yaxşı qarşılanmır. Putin Qərbin sanksiyalarına əsəbləşir, Ərdoğan isə Qərbi müstəmləkəçi olaraq görür və nifrət ritorikası ilə müraciət edir”.
Jurnal liderlərin iqtisadi əlaqələrin inkişaf etdirilməsi və İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı məsələlərini müzakirə etmək üçün bir araya gələcəklərini, həmçinin onların Qərbdən bir-birinə şikayət edəcəklərini irəli sürüb.
Almaniyanın Siegen universitetinin professoru Eberhard Şneyder jurnala verdiyi açıqlamada Ukrayna böhranı və G20 sammitində baş verənlərin ardından Rusiyanın hər hansı NATO ölkəsi ilə yaxın əlaqələr quraraq, Qərbə mesaj vermək istədiyini və yeni müttəfiq axtarışında olduğunu qeyd edib. Hamburq Universitetindən Yaşar Ziya isə Avropa İttifaqının Türkiyəyə məlum münasibəti səbəbindən Türkiyənin yeni müttəfiq axtardığını və B planı axtarışlarının davam etdiyini deyib.
Samir