3 Avqust 2022 10:11
3 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatası F-16 döyüş təyyarələri Türkiyəyə təhvil verilərkən, Yunanıstanın hava məkanını pozmaq üçün istifadə edilməməsi tələbini ehtiva edən düzəlişi dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, rusiyalı hərbi ekspert Andrey Koşkin ABŞ-ın sözügedən qərarına münasibət bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü müstəqil xarici siyasət dünya ictimaiyyətinin, xüsusilə də Qərbin diqqət mərkəzindədir:

“Ankara ilə Vaşinqton arasındakı xüsusilə də hərbi-texniki əməkdaşlıq sahəsindəki məsafə çox müzakirə olunur. Məlumdur ki, Vaşinqtonun Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı ciddi tələbləri var. Hətta amerikalılar bununla bağlı Türkiyənin rəsmi şəxslərinə qarşı sanksiya da tətbiq ediblər. Üstəlik, Türkiyə F-35 qırıcılarının birgə istehsalından kənarlaşdırılıb. Amma bu addımların heç biri effektli olmadı. Türkiyə S-400-ləri öz milli maraqlarına cavab olaraq aldı, eyni zamanda bu, NATO-dakı müttəfiqlərini də çəkindirdi. Bununla belə, ABŞ Türkiyəyə təsir etmək cəhdlərindən əl çəkmir”.

Rusiyalı ekspert hesab edir ki, ABŞ-ın F-16 döyüş təyyarələrinin satışı ilə bağlı şərtlər qoyması təəccüblü deyil:

“Beləliklə, onlar Türkiyəni cilovlamaq istədiklərini və bu yolla Türkiyənin ABŞ-ın qeyd-şərtsiz hegemon olduğu ittifaqa üzvlüyünü bir daha təsdiqlədilər. Amma Türkiyə xarici siyasətdə tam müstəqillik uğrunda mübarizəsini davam etdirəcək. Hərbi-texniki sahədə Türkiyə-Amerika əlaqələri çətin şərtlər altında belə davam edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər