Şimali Koreya lideri Kim Çen In ölkədə COVID-19 pandemiyasına qarşı qələbənin əldə edildiyini, bacısı Kim Yo-çon isə xəstəliyi ağır keçirənlər arasında qardaşının da olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şimali Koreya lideri səhiyyə işçiləri və elm adamları ilə görüşdə çıxış edərək, pandemiyaya qarşı görülən tədbirlərin yumşaldılmasını istəyib.
Ölkədə COVID-19-dan ölənlərin sayının rəsmi olaraq 74 olduğunu deyən Kim Çen In bildirib: “Bu, dünyanın səhiyyə ictimaiyyətində görülməmiş bir möcüzədir”.
Kim Çen Inın bacısı Kim Yo-çon ölkədəki COVID-19 böhranına Cənubi Koreyadan atılmış “viruslu şarlar”ın səbəb olduğunu iddia etməyə davam edir. O, həmçinin böyük qardaşı və Şimali Koreya lideri Kim Çen Inın da xəstəliyi ağır keçirdiyini söyləyib.
“O, yüksək hərarətlə ağır xəstə olsa da, bir an belə yatmayıb”, - Kim Yo-çon deyib.
Pis səhiyyə sisteminə malik olduğu bildirilən Şimali Koreya pandemiyanın ilk iki ilində yoluxmanın olmadığını iddia edib. Bu ilin may ayında Şimali Koreya ilk yoluxmanı açıqlayıb və 4.8 milyon insanın bu xəstəliyə tutulduğunu bildirib.