16 Avqust 2022 13:22
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml sahibi Vladimir Putin “Ordu-2022” forumunda çıxışı zamanı deyib ki, Rusiya müxtəlif qitələrdəki müttəfiqlərini və həmfikirlərini yüksək qiymətləndirir. Onun sözlərinə görə, həmin dövlətlər hegemon dövlətlərin qarşısında baş əymir, onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmirlər: “Beləliklə, onlar çoxqütblü dünyanın qorunmasına töhfə verirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Təhlildə Putin “hegemonun (ABŞ) qarşısında baş əyməyən və dik dayanan” deyəndə bir sıra dövlətləri nəzərdə tutduğu qeyd edilib:

“Bunu onun sonrakı cümləsindən aydınlaşdırmaq olar: “Rusiya Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə tarixən möhkəm, dostluq və etimada əsaslanan əlaqələri səmimiyyətlə qoruyur və müttəfiqlərinə, tərəfdaşlarına ən müasir silah növlərini təklif etməyə hazırdır”.

Əslində Putin özü də bu hegemon dövlətdən çəkinir. Əks halda Vaşinqtonun qarşısında baş əyməyən bir neçə dövlətin adını çəkərdi, yəqin hesab edib ki, adlarını çəksə, ABŞ-ın onlara təzyiqi arta bilər. Putinin sözlərində həqiqət payı ondan ibarətdir ki, məsələn, Türkiyə və Çin Rusiya ilə sıx əlaqələrə malikdir, liderləri tez-tez görüşür və fikir mübadiləsi aparırlar. Ancaq Türkiyə və Çinin özü belə Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstək vermir və ABŞ-ın sanksiyalarından ehtiyat etdiklərinə görə, Rusiyanın bank sektoru ilə əməkdaşlıqda ehtiyatlı mövqe tuturlar. Bu isə o deməkdir ki, Ankara və Pekin Kremllə sıx təmaslarına rəğmən, Putinin “hegemon” adlandırdığı Vaşinqtonun sanksiya siyasəti ilə hesablaşırlar.

Putinin istinad etdiyi Latın Amerikası və Afrika ölkələri də Moskva ilə yaxın münasibətlərinə baxmayaraq, Vaşinqtonun qərarlarınə nəzərə alırlar. Bu dövlətlərin hamısı anlayır ki, Ukraynada işğalçı müharibəni davam etdirən Rusiya haqsızdır.

Putinin bu dövlətlərdən başqa istəyi də var: “Rusiyanın silahlarını və hərbi texnikasını dünyada yüksək qiymətləndirirlər, bu silahların hamısından real döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub. Hərbi-texniki əməkdaşlığın inkişafı, səylərin və potensialların birləşdirilməsi ilə Rusiya və onun tərəfdaşları həm özləri, həm də bütövlükdə dünya üçün etibarlı təhlükəsizlik və sabitliyi təmin edə biləcəklər”.

Əslində, Kreml sahibi bu sözləri ilə dost və müttəfiq kimi nəzərdə tutduğu dövlətlərin Rusiyadan silah və hərbi texnika almasını istədiyini dilə gətirir”.

Təhlildə qeyd olunub ki, Putin “bu silahların hamısından real döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub” deməklə, Suriya və Ukraynada müharibə aparmasının əsas səbəblərindən birinin sirrini açmış oldu:

“Demək, bu müharibələr Putinə həm də Rusiya silahlarını keyfiyyətini yoxlamaq və satış bazarlarında yerini möhkəmlətmək üçün lazımdır. Ancaq Ukraynadakı işğalçı müharibə Rusiya silahı üçün pis reklam oldu. Rusiya silahının alıcıları azalıb.

Məsələn, bəlli oldu ki, Rusiyanın keyfiyyətli pilotsuz uçan aparatları yoxdur, Moskva açıb-ağartmadan bu silahları Türkiyə və İrandan almağa çalışır. Rusiyanın keyfiyyətli dronları olsaydı, Ermənistan Azərbaycanla 44 günlük müharibədə ondan istifadə edərdi. Bunun nəticəsidir ki, Ermənistan təmsilçiləri müharibədən sonra PUA əldə etmək üçün İran, Çin və Hindistanla danışıqlar aparırlar. Azərbaycanın özünün də Rusiya hərbi texnikası və silahına marağı azalıb”.


Müəllif: Mənsur Rəğbətoğlu