17 Avqust 2022 16:27
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Yair Lapid ölkəsi və Türkiyənin münasibətləri tam normallaşdırmaq qərarına gəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İsrail mediası bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanla Yair Lapid arasında telefon danışığı zamanı verildiyini yazıb.

“İsrail və Türkiyə diplomatik münasibətlərdə tam normallaşmaya qayıdır, qarşılıqlı səfir təyin olunacaq”, - İsrail baş naziri söyləyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da məsələ ilə əlaqədar açıqlama verib: “Qarşılıqlı şəkildə səfir təyin edirik. Təl-Əvivə səfir təyin etmək qərarına gəldik. Adlar açıqlanacaq və proses rəsmi olaraq başlayacaq”.

İsrail baş nazirinin ofisindən verilən açıqlamada isə bildirilib:

“Türkiyə ilə münasibətlərin yenilənməsi regional sabitlik üçün mühüm amildir. Ötən il baş verən müsbət gəlişmələrdən sonra İsrail və Türkiyə tam diplomatik münasibətlərə qayıtmaq qərarına gəlib. Ötən gecə Xarici İşlər Nazirliyinin baş direktoru Alan Oşfiz ilə Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal arasında telefon danışığı olub. Ölkələr arasında əlaqələr dərinləşəcək. İqtisadi, ticarət və turizm əlaqələri inkişaf etdiriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu