“ABŞ hökuməti İran Prezidenti İbrahim Rəisiyə viza verməkdən imtina etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, ABŞ hökuməti BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammitinə qatılacağı bildirilən İran prezidentinə viza verməməlidir:
“ABŞ hökuməti İran rəsmilərinin ABŞ-ı “cəhənnəm”ə çevirəcəkləri hədələri və amerikalılara qarşı sui-qəsd planlarını həyata keçirmək üçün hərəkətə keçmələrinə baxmayaraq, Rəisiyə viza vermək istəyir. Bu yolverilməzdir”.
Pompeo hesab edir ki, Co Bayden administasiyası terrorizmə dəstək verən İranın prezidentinə ölkəsini müdafiə etmək üçün tribuna verməməlidir.
Sabiq dövlət katibi İbrahim Rəisiyə vizanın verilməməsi üçün bir sıra insan haqları təşkilatları və ABŞ Konqresinin Respublikaçı üzvlərinin qurduqları koalisiya və kampaniyaya qoşulduğunu da açıqlayıb.
Avqustun 16-da insan haqları təşkilatları və konqresmenlər İran prezidentinə vizanın verilməməsi tələbi ilə ABŞ hökumətinə müraciət ediblər. Müraciətdə İbrahim Rəisi insan haqlarını pozmaqda və İranda həyata keçirilən kütləvi və qanunsuz edamlarda iştirak etməkdə ittiham olunur.