ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə israilli həmkarı Eyal Xulatanı qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə İranla yeni nüvə sazişi üzrə danışıqlar müzakirə edilib.
Ağ Evin açıqlamasında deyilir ki, həmsöhbətlər qlobal və qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşiblər:
"Sallivan Prezident Co Baydenin İsrailin düşmənlərinin qarşısını almaq, o cümlədən İran və onun tərəfindən dəstəklənən qüvvələrdən gələn təhdid və hədələrə qarşı bu ölkənin özünümüdafiə qabiliyyətini qorumaq və gücləndirmək üzrə öhdəliyini xatırladıb. Həmçinin Amerika prezidentinin İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair üzərinə götürdüyü öhdəliyi vurğulayıb”.
İsrail İranla ilkin razılaşmaya və Baydenin 2015-ci ildə imzalanmış sazişi canlandırmaq səylərinə qarşı çıxır. Təl-Əviv bunu “yanlış və pis razılaşma” hesab edir və qeyd edir ki, belə bir anlaşma bölgədə vəziyyəti daha da pisləşdirəcək.