İraqdakı siyasi qeyri-müəyyənlik yeni böhrana səbəb olub, küçələr yenidən döyüş meydanına çevrilib. “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədrin açıqlamaları ilə artan gərginlik dövlət qurumlarını və İranın dəstəklədiyi strukturları hədəfə alan hücumlara yol açıb.
Teleqraf.com “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, iraqlı millət vəkili və İraq Türkmən Cəbhəsinin (İTC) keçmiş rəhbəri Ərşad Salehi baş verənləri ölkəni parçalamaq üçün sınaq kimi qiymətləndirib.
Bağdaddakı olayları izlədiyini deyən Salehi 2014-cü ildə baş verənləri xatırladıb: “Kərkük və Mosulda mütləq türkmən hakimiyyəti qurulmalıdır. Türkiyə və türk ordusu İraqın ərazi bütövlüyü və sabitliyi baxımından bütün kürdlər, ərəblər və türkmənlər üçün güvən mənbəyidir”.
İraqdakı hadisələrdən bir qədər əvvəl Misirin Əl-Əlameyn şəhərində dörd ərəb ölkəsinin liderinin iştirakı ilə toplantı keçirilib. Bəhreyn, Misir, BƏƏ və İordaniyanın yüksək səviyyəli siyasi, kəşfiyyat və hərbi rəhbərlərinin qatıldığı toplantının əsas gündəm maddəsi İranın bölgədəki gücünün məhdudlaşdırılması olub. İranın Yəmən, Suriya, İraq və Livanda artan siyasi-hərbi təsirini azaltmaq üçün addımların atılacağı barədə qərarlar rəsmi Bağdada da çatdırılıb.
Ərşad Salehi bu toplantının bölgənin gələcəyi üçün önəmli olduğunu bildirib.
Bağdaddan başlayan və Bəsrə başda olmaqla digər bölgələrə yayılan küçə hadisələri Mosul və Kərkükün taleyi üçün xüsusi maraq doğurur.
Ərşad Salehi bu haqda deyib:
“Türkməneli bölgəsinə onlarla PKK terrorçusu soxulub, mərkəzi hakimiyyət zəifləsə, birbaşa hücuma keçəcəklər. PJAK (PKK-nın İran qolu) PKK-ya dəstək üçün İraq sərhədində qüvvə toplayır. Başqa bir təhlükə olan İŞİD-in “hüceyrələri” bundan fürsət kimi istifadə etmək istəyir. Bundan başqa, Kərkük və Mosulla bağlı planları olan digər separatçı ünsürlər də hazır vəziyyətdədir. Yeni qırğınlar yaşamamaq üçün güclü türkmən silahlı qüvvələrinin formalaşmasını istəyirik. Bu məqamda bizim əsas strategiyamız hücumların ilk dalğasına tab gətirə biləcək sayda texnikaya sahib olmaqdır. Bu ilkin şokdan çıxmaq üçün bizə vaxt qazandırır.
Tam inanırıq ki, Türkiyə bundan sonra bu xaosa müdaxilə edəcək və bütün kürdlərin, türkmənlərin və ərəblərin təhlükəsizliyini təmin edəcək hərbi, siyasi və humanitar addım atacaq. İraqın ərazi bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə ən yüksək dəyər verən ölkə olaraq Türkiyənin faktiki varlığı bütün ərəb və kürd qardaşlarımız üçün ən mühüm güvən elementidir”.
Nəşrin məlumatına görə, İraqdakı son olaylardan bir qədər əvvəl Milli Təhlükəsizlik Xidmətinin təşkil etdiyi bir sıra görüşlər keçirilib. Görüşlərdə Lozanna, 1926-cı il Ankara razılaşması, Türkiyənin təhlükəsizliyinə xələl gətirə biləcək mümkün gəlişmələr, Ankaranın belə bir vəziyyətdə atacağı addımlar və İraqa müdaxilə hüququ kimi mövzulara dair fikir mübadiləsi aparılıb. Gizli toplantılarda İraq kəşfiyyatının rəhbərləri və digər hərbi-mülki mütəxəssislər iştirak ediblər.
Qəzet bildirib ki, İraqdakı son qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi və parçalanmalar 1926-1946-cı il müqavilələrini yenidən gündəmə gətirib. 1926-cı ildə imzalanan Ankara müqaviləsi İraqda mürəkkəb durumun davam edəcəyi təqdirdə Türkiyəyə Mosul və Kərkükə hərbi müdaxilə etmək hüququ verir. 1946-cı ildə imzalanan İstanbul müqaviləsi də Türkiyənin bu kimi hüquqlarını önə çəkir.