“Prezident Rəcəb Tayyib Ərdoğanın Pakistana səfərini məmnuniyyətlə qarşılayacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Əlvi “Anadolu”ya müsahibəsində deyib.
Pakistan hökumət başçısı müsahibəsində iki ölkə arasındakı gəlişmələrə diqqət çəkib:
“Prezident Rəcəb Tayyib Ərdoğanın Pakistana səfərini məmnuniyyətlə qarşılayacağıq. Pakistan və Türkiyə dərin uzunmüddətli əlaqələrə malikdir. İslam ümməti baxımından bu əlaqələr 14 əsr əvvələ gedib çıxır və dövlət olmaq nöqteyi-nəzərindən Pakistanın yaranmasından bəri mövcuddur. Xalqlar baxımından 19-cu əsrin ortalarından münasibətlər var. Pakistanlı müsəlmanlar Rusiya ilə müharibədə və zəlzələdə Türkiyəyə yardım ediblər. Türkiyə tərəfində müxtəlif döyüşlərdə iştirak etmək üçün canlı qüvvə göndərilib. Bu səbəbdən hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, iki ölkə arasında dərin anlaşma və münasibət var. Bu, uzun müddətdir davam edir. Qarşılıqlı sevgi olduğuna inanıram.
Prezident olarkən və bundan əvvəl Türkiyəyə səfərlərim mənim üçün çox təsiredici oldu. İstanbul və digər şəhərlərin küçələrində pakistanlı olduğumu bildikdə insanların mənə sevgiylə yanaşması çox ilginc idi. Türk taksi sürücüləri məndən pul almadılar, dedilər ki, bu, qardaşlığın tələbidir və məndən pul almamaqda israr etdilər. Bu dostluq son dərəcə dərindir və bu səbəbdən də hər iki ölkənin prezidentləri və baş nazirləri tərəfindən olduqca səmimi ifadələrlə vurğulanır.
İki ölkə arasında dərin əməkdaşlıq var. Bu, bu gün vacib olur, çünki dünya dəyişir. Bu səbəbdən dost ölkələr dünyaya yeni gözlə baxmaq üçün yeni dövrdə bu əlaqələri möhkəmləndirməlidirlər. Məsələn, Ukraynadakı müharibə hamımız üçün sürpriz oldu. Biz sülh istəyirik. Sülhə gəlincə, cənab Ərdoğanın rolu, Pakistan baş nazirinin sülh axtarışları, məncə, bunlar önəmlidir. Münasibətlər daha da möhkəmlənməli, qarşılıqlı sərmayə qoyuluşu artmalıdır. Türkiyə və Pakistan ətrafında baş verənlərlə bağlı strateji baxışa sahib olmaq vacibdir. İslam ümməti birlikdə düşünməlidir. Bu, həmişə gündəmimizdə olacaq”.