28 Sentyabr 2022 18:55
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan arasında danışıqların aparılmasını normal qiymətləndirirəm. Sadəcə Vaşinqtonun erməni mövqeyindən çıxış etməsi normal deyil, bu, Azərbaycanın maraqlarına uyğun deyil. O baxımdan ki, açıq-aşkar birtərəfli mövqe ifadə olunur və bölgədə sülhün əldə olunmasına xidmət edilmir. Əgər ABŞ-dan gələn bir qadın cəfəng formada deyir ki, biz Azərbaycanın hərəkətlərindən hiddətlənirik. Bizim də sualımız odur ki, Azərbaycan əraziləri 30 il işğal altında olub, bəs niyə bu müddətdə hiddətlənməmisiniz? Əvəzində həyasızcasına deyir ki, Azərbaycan "təcavüz" edib, "işğal" edib. Bu, faktiki BMT qətnamələrini ayaqlamaq, bilməzdən gəlmək, məlumatsız olmaqdır. Azərbaycan da belə yanaşmaları qəbul edə bilməz”.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputata görə, bütün bunlar onu göstərir ki, ABŞ-ın niyyəti səmimi deyil:

“Belə görüşlər təşkil edəcəklərsə biz də gedib sözümüzü deyəcəyik. Gəlin bir aydınlaşdırın görək kim haqlıdır, kim haqsızdır. İşğala məruz qalan biz, siz az qala bizi işğalçı kimi tanımağa çalışırsınız, “Ermənistana dəstək olacağıq, silah verəcəyik” deyirsiniz. Belə boş-boş şeylərlə əslində bölgədə sülhə xidmət etmirsiniz. İndi buyurun oturun və görün hansı tərəf haqlıdır. Biz sadəcə olaraq bölgədə ərazi bütövlüyümüzü təmin edirik. Erməniyə deyin sülh müqaviləsi imzalayaq, xəritələri qoyub sərhədləri müəyyən edək. Bundan sonra problem qalmır. Amma Ermənistan sərhədləri tanımır və bizə deyir burada durun,orada durun. Belə şey ola bilməz”.

Fazil Mustafa qeyd edib ki, təşəbbüslərin gedişatı birbaşa olmur, amma müəyyən təsiri olacaq:

“Burada hər şey ABŞ-dan asılı deyil, bölgədə sülhməramlı rolunda Rusiya da çıxış edir. Biz çalışmalıyıq ki, bu məsələlərdə bütün gücləri ədalətli davranışa cəlb edək. Bizim üçün vacibi ədalətdir. Bunu kənarında kiminsə kiməsə sevgisi varsa, evinə ermənini qonaq dəvət edəndə ayağını yuyarlar. Gəlin onu müzakirə edək. Kim də müzakirədən qaçsa deməli, aranı qatan və işə maneə olan odur. Bizim tələbimiz budur. Ermənini də işğalçı kimi tanımaq lazımdır. 30 ildir işğal edib bir kəlmə deməmisiniz, sanksiya tətbiq etməməsiniz. İndi utanmadan Azərbaycana sanksiya tətbiq etmək haqqında çağırış edirsiniz. Bunu kim qəbul edər?”.


Müəllif: Nemət

Oxşar xəbərlər