Son zamanlar səhhətindəki problemləri ilə dünya mediasının gündəmində olan Şimali Koreya lideri Kim Çen In bu dəfə ailəsi ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, illərdir ailəsindən yalnız xanımı ilə görünən Kim Çen In milli bayramda çəkilən fotolardan sonra bir qızının da ola biləcəyi iddia edilib.
Ölkənin müstəqilliyinin 75-ci ildönümü şənliyində başqa uşaqlarla səhnədə rəqs edən bir kiçik qızın Kim Çen Inın qızı ola biləcəyi ehtimalı Cənubi Koreya mediasında geniş işıqlandırılıb.
İddia çinli ekspertlərin fikirləri ilə əsaslandırılıb. Kameraların həmin azyaşlıya daha çox diqqət yetirməsi və onun saçını bağlamayan yeganə qız olması da diqqət çəkib. Cənubi Koreya mediası bunun bir növ seçilmək üçün edildiyini iddia edib.
Kim Çen Inın həyat yoldaşı Ri Sol Ju da şənlikdən sonra qızla danışmaq üçün ona yaxınlaşıb.
Diqqətdən yayınmayan detallardan biri də görüntüdə Şimali Koreya liderinin yanına gələndə kiçik qızın kifayət qədər sakit görünməsidir.
Cənubi Koreyanın Birləşmə Nazirliyi hesabatlar və görüntülərin təhlil edildiyini açıqlayıb. Nazirlik azyaşlının Kimin qızı olma ehtimalının az olduğunu və bunu təsdiqləmək üçün heç bir yol olmadığını bildirib.