Ukraynanın Rusiya istehsalı olan silahlarla təchizatı fonunda Almaniya Yunanıstana 40 zirehli döyüş maşını bağışlayır. İlk 6 maşın dünən Yunanıstana gəlib. Yunanıstan isə sovet istehsalı olan tanklarını Ukraynaya göndərəcək.
Teleqraf.com xəbər verir ki, Afina və Berlin arasında Ukraynaya yardım üçün mübadilə razılaşması çərçivəsində Almaniya istehsalı olan 6 ədəd Marder1A3 tipli zirehli döyüş maşını Yunanıstana gəlib.
Yunanıstan mayda əldə olunan mübadilə razılaşması çərçivəsində Almaniyadan qrant olaraq cəmi 40 Marder1A3 tipli zirehli döyüş maşını alacaq. Bunun müqabilində o, Ukraynaya sovet istehsalı olan 40 ədəd BMP-1 tipli amfibiya döyüş maşını göndərəcək.
Yunanıstan Baş Qərargahından verilən açıqlamada, alınan alman zirehli döyüş maşınlarının türklərin cəmləşdiyi Qərbi Trakiyanın Xanthi şəhərində yerləşən korpusun hərbi hissələrinə göndəriləcəyi bildirilib.
Müdafiə naziri Nikos Panayiotopulas bu yaxınlarda mübadilə razılaşmasına toxunaraq, Almaniyanın verdiyi Marder 1A3-lərin Ukraynaya göndəriləcək SSRİ istehsalı olan BMP-1-lərdən daha yaxşı vəziyyətdə olduğunu deyib.
Müdafiə naziri qeyd edib ki, Marder 1A3-lərin daşıdığı 20 mm-lik güllələr Almaniyadan qrant olaraq verilib. Yunanıstanın milli bayramı çərçivəsində oktyabrın 28-də Salonikidə keçiriləcək hərbi paradda Almaniyadan gələn zirehli döyüş maşınlarının da yer alacağı gözlənilir.