Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri Liz Trasın istefasından sonra ölkə hökumətinə rəhbərlik iddiasında olan namizədlərin adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, həm hakim partiyanın lideri, həm də Baş nazir vəzifəsi uğrunda beş siyasətçi mübarizə aparacaq.
Onlardan biri keçmiş maliyyə naziri Rişi Sunakdır. Hind əsilli 42 yaşlı R.Sunak sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini işləyib. Britaniyanın eks-hökumət başçısı Boris Consonun dövründə maliyyə naziri vəzifəsini tutub. Daha sonra B.Consonla aralarında fikir ayrılığı yaranıb və istefa verib.
İkinci namizəd sabiq müdafiə naziri, 49 yaşlı Penni Mordauntdur. O, 2010-cu ildən parlametin üzvüdür. Britaniyanın tarixində ilk qadın müdafiə naziri olub. B.Conson hakimiyyətə gələndən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Digər namizəd Böyük Britaniyanın müdafiə naziri, 52 yaşlı Ben Uollesdir. O, ehtiyatda olan ordu zabitidir. B.Consonun ən yaxın silahdaşlarından biri sayılır və onun hökumətində müdafiə naziri işləyib.
55 yaşlı Ceremi Hant da potensial namizədlərdən biridir. O, xarici işlər və səhiyyə naziri olub.
L.Tras Baş nazir seçiləndən sonra C.Hantı maliyyə naziri təyin edib. C.Hant 2019-cu ildə Mühafizəkarlar Partiyasının sədrliyi uğrunda mübarizə aparıb, lakin seçkidə B.Consona məğlub olub.
Beşinci namizəd 58 yaşlı Boric Consondur. O, əvvəllər paytaxt Londonun meri və Britaniyanın xarici işlər naziri işləyib.
2019-cu il iyulun 24-də Mühafizəkarlar Partiyasının sədri və Baş nazir seçilib. 2022-ci ilin iyulun 7-də istefa verib. Sentyabrın 6-dək hökumət başçısı vəzifəsini müvəqqəti icra edib. Həmin gün postundan uzaqlaşıb.