Məhsa Əmininin “əxlaq polisi” tərəfindən öldürülməsi ilə bağlı keçirilən etirazlar zamanı İranın təhlüksizlik qüvvələrinin məktəbli qızları döyməkdə ittiham edilməsindən bir gün sonra tələbələr Tehranda etiraz aksiyasına başlayıblar. Tələbələrin səsləndirdikləri cəsarətli şüarlar İran rejimini silkələyə biləcək növdəndir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Time of İsrael” yazır.
Dünən məktəbli qızlar Tehranda “Şəhid Sədr” peşə məktəbinin önündə toplaşdıqdan sonra təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla aksiyanı dağıtmağa cəhd edib.
Hüquq müdafiə təşkilatlarının ən azı 122 etirazçını öldürdüyünü iddia etdiyi təhlükəsizlik qüvvələrinin basqısına baxmayaraq, bu gündən etibarən gənc qadın və kişilərin yenidən etiraza başladıqları bildirilir.
Qadınlar Tehranın metro stansiyalarında eskalatorda “Diktatora ölüm” və “SEPAH-a ölüm” şüarları səsləndiblər.
Bundan başqa, tələbələr dünən prezidentin sözçüsü Əli Bahaduri Cəhromini Tehranın Xacə Nasir Universitetində çıxışı zamanı etirazla qarşılayıblar. İran rəsmisinin əleyhinə “Sözçü, yox olun”, “Biz korrupsioner sistem istəmirik, qatil istəmirik” və s. kimi şüarlar səsləndiriblər.
Müəllimlər repressiyaya görə son iki gündə tətilə başlayıblar. Bu gün Əmininin doğulduğu Kürdüstan əyalətində də tətilin başladığı bildirilir.
“Amnesty İnternational” etiraz dalğasının yatırılmasının ən azı 23 uşağın həyatına son qoyduğunu açıqlayıb. Osloda yerləşən İran İnsan Haqları Təşkilatı isə bu rəqəmin ən azı 27 olduğunu bildirir. Təşkilat əlavə edir ki, repressiya zamanı həbs edilən minlərlə insan arasında uşaqlar və müəllimlər də var.