“Azərbaycan-İran münasibətlərinin bu səviyyəyə gəlməsi əslində Tehranın birbaşa günahıdır. Beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə zidd formada davranması nəticəsində bu münasibətlər dalana dirənib. Bu teokratik molla hökuməti bölgədə sanki regional güc kimi davranmağa çalışır, bir növ Rusiyanın zəifləməsini hiss edərək Türkiyə ilə rəqabət apararaq bölgəyə sahiblənməyə çalışır. Bu yolda da özünə ən ciddi rəqib kimi Türkiyə və Azərbaycanı görür. Ona görə də Ermənistan və ermənilərlə qoğal siyasətinə üstünlük verir. Bunun fonunda Azərbaycana və azərbaycanlılara qarşı təzyiq, qorxutmaq siyasəti aparmağa cəhdlər edir”.
Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli İranın son zamanlar bölgədə apardığı siyasəti şərh edərkən bildirib.
Qabil Hüseynlinin qənaətincə, molla rejimi unudur ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil:
“Azərbaycan hazırda orta inkişaf yolu keçmiş dövlətdir. Potensialı etibarı ilə İranla yarışacaq imkandadır, hətta bəzi sahələrdə İranı üstələyə biləcək gücdədir. Bura Türkiyəni də əlavə edəndə daşlar tam yerinə oturur və İranın burada hər hansı bir qarışığa səbəb olacağına inam olmur. Odur ki, mollakratiyanın son addımları məntiqli görünmür”.
Politoloq söyləyib ki, etiraz aksiyaları, insanların rejimdən canını qurtarmaq istədiyi bir vaxtda İran idarəçiləri xaricdə düşmən obrazı yaratmaq-Azərbaycan timsalında düşmən göstərməklə diqqəti daxildən yayındaracaqlarını düşünürlər:
"Ancaq belə düşünməklə böyük səhvə yol verirlər. İran daxilində hər gün baş verənlər bunu bir daha ortaya qoyur. Bu baxımdan molla hökuməti yaxşı olardı ki, diqqətini daxili proseslərə yönəltsin, insanların etirazının səbəbini araşdırsın və onu aradan qaldırmaq üçün təsirli tədbirlər həyata keçirsin”.