“Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskiyə Qvineya-Bisau lideri Umar Sisoku Embalo vasitəsilə Moskva ilə Kiyev arasında mümkün dialoqa dair xüsusi mesaj göndərməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Afrika dövlətindən olan həmkarımız sadəcə arzusunu dilə gətirib, təmaslarının olacağını, Putinin mövqeyini Ukrayna tərəfinə çatdıracağını deyib. Bu işdə konkret mesaj yoxdur və bu barədə heç bir söhbət olmayıb”, - Peskov Rusiya prezidentinin belə bir xahiş edib-etməməsi ilə bağlı sualı cavablandırarkən söyləyib.
Peskov qeyd edib ki, Putin bir neçə gün əvvəl Kremldə Qvineya-Bisau prezidenti ilə söhbəti zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirə aparıb:
“Putin həmkarına martda danışıqların necə aparıldığı, danışıqlar aparan rus və ukraynalı komandaların necə işlədiyi barədə məlumat verib”.
Kremlin sözçüsü əlavə edib:
“Eyni zamanda, Rusiya prezidenti açıq şəkildə vurğuladı ki, Ukrayna tərəfindən danışıqlardan bu cür yayınmaq və artıq razılaşdırılmış anlaşmaların rədd edilməsi Vaşinqtonun göstərişi ilə baş verir”.
Bundan əvvəl Embalo Umar Sisoku belə bir mesajın olduğunu bildirib.