1 Noyabr 2022 09:05
4 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya az qala açıq kartla oynayır. Ona görə biz də hər şeyi açıq formada bəyan etməliyik. Rusiyanın bizimlə münasibəti heç vaxt səmimi olmayıb və yaxın qonşuluq münasibətlərinə söykənməyib. Bu, SSRİ dağıldıqdan sonra həm Boris Yeltsin, həm də Vladimir Putin dövründə belə olub. Onlar Azərbaycanı, onun maraqlarını nəzərə almadan bir söz deyib başqa cür hərəkət ediblər. Beləcə Azərbaycanla münasibətlərdə qeyri-səmiliyin və qeyri-sağlam vəziyyətin yaranmasına səbəb olublar. Biz hər zaman Rusiya mətbuatından böyük zərbələr almışıq. Bir çox hallarda Kremlin ikibaşlı oyunlarından əziyyətlər çəkmişik. Rusiya faktoruna ehtiyatla yanaşmaq məcburiyyətində qalaraq hər zaman onun nazı ilə oynamağa çalışmışıq. Amma onlar çörəkləri dizi üstə olan adamlardır. Azərbaycan isə yaxın qonşuluq siyasətinə daima üstünlük verib, səmimi münasibətlər qurmağa çalışıb. Lakin göründüyü kimi Rusiya bu ilin fevralında bağladığımız strateji müttəfiqlik barədə sazişə uyğun davranmır, onun müddəaları yerinə yetirilmir. Odur ki, mən bu münasibətləri Rusiya tərəfindən qeyri-səmimi, bizim maraqlarımıza zidd, ermənilərdən bizə qarşı maşa kimi istifadə edildiyini görürəm”.

Bunu Teleqraf.com-a professor Qabil Hüseynli Rusiya-Azərbaycan münasibətləri haqqında danışarkən deyib.

Politoloq bildirib ki, bu gün sanki hər şey su üzünə çıxıb:

“Valday diskussiya klubunda Vladimir Putinin hətərəm-pətərəm çıxışı, Azərbaycan və Ermənistana müxtəlif ismarışların göndərilməsi, Qərblə yarışa çıxıblarmış kimi guya sülhün Amerika variantının olmasına dair söyləntilər müşahidə edildi. Halbuki ABŞ tərəfi belə bir sülh yaratma variantının yazılı formasının olmadığını deyərək Putini təkzib etdilər. Açıq-aydın görünən budur ki, bu adamlar Ukrayna təcrübəsindən aldıqlarından nəticə çıxarmır, bölgədə vəziyyətin yeni istiqamətdə gərginləşdirilməsinə hazırlaşırlar. Bir sözlə, bölgəyə yenidən isti müharibə ab-havasının gətirilməsi üçün dəri-qabıqdan çıxdıqlarını görürük. Ona görə də indki münasibətləri səmimi, dost və yaxın qonşuluq münasibətləri kimi səciyyələndirmək çətindir”.

Qabil Hüseynli əlavə edib ki, Azərbaycan öz maraqlarını qorumaq üçün addımlar atıb, atır və bundan sonra da atacaq:

"Heç bir qüvvə Azərbaycanla təzyiq dilində danışmamalıdır, çünki bunun perspektivi yoxdur".


Müəllif: Nemət

Oxşar xəbərlər