“Rusiya “ölməkdə olan dünya”ya qarşı onun üçün müqəddəs olan torpaqlar və orada yaşayan insanlar üçün mübarizə aparır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Biz nə üçün mübarizə aparırıq? Rusiya zəngin və nəhəng ölkədir. Rusiyaya başqa ərazilər lazım deyil, bizdə hər şey boldur”, - Medvedev bildirib.
O, Rusiya torpaqlarını ruslar üçün “müqəddəs” adlandırıb: “Orada bizim əcdadlarımız yaşayıb, indi də bizim xalqımız yaşayır”.
Medvedev qeyd edib ki, Rusiya öz torpağını heç kimə verməyəcək: “Biz öz xalqımızı qoruyuruq. Biz öz torpaqlarımız üçün, min illik tariximiz üçün mübarizə aparırıq”.
“Düşmən” haqda danışan Medvedyev vurğulayıb ki, Rusiya ona nifrət edənlərə, dilinə, dəyərlərinə və inanclarına qadağa qoyanlara, onun tarixinə nifrət aşılayanlara qarşı mübarizə aparır. O, bu sırada “bir dəstə dəli nasist narkomanları, onların qorxutduğu və narkomana çevirdiyi xalq”ı (Ukraynanı nəzərdə tutur – red.), həmçinin “Qərb itxanasından hürən itlər”i və “çürümüş qərb imperiyası”nın digər nümayəndələrini sadalayıb.
Medvedyevin sözlərinə görə, Rusiya uzun müddət sussa da, artıq oyanıb.
Rusiya rəsmisi adını çəkmədiyi bir sıra ölkələri də hədələməkdən çəkinməyib: “Bu oyanışı başqa ölkələr də gözləyirdilər, onlar da tezliklə tamamilə oyanacaqlar”.
O, Rusiyanın öz düşmənlərini “cəhənnəm”ə göndərəcəyini deyib:
“Bütün düşmənləri yanan cəhənnəmə göndərmək mümkündür. Ancaq bu, bizim missiyamız deyil. Məqsəd “cəhənnəmin ağası”nı dayandırmaqdır. Çünki onun məqsədi ölümdür. Hədəfimiz həyatdır. Onun silahı yalandır. Bizimki isə doğrudur. Ona görə də bizim işimiz ədalətlidir və qələbə bizim olacaq”.
Medvedyev ad çəkmədən Rusiyanın bir sıra tərəfdaş ölkələrini “satqın və qorxaq” adlandırıb. O, müharibədən sonra “qorxuya düşmüş partnyorlar”ın, “qorxaq satqınlar”ın, “tamahkarlar”ın Rusiyanı tərk etmələrinə peşman olmadığını bildirib.
“Acgözlər, qorxaq satqınlar uzaqlara getdilər. İndi onlar bizim aramızda deyillər, amma biz daha pak və güclü olmuşuq”, - Rusiya rəsmisi deyib.
“Rusiyanın keçmiş dostları”ndan danışan siyasətçi “bəzi qorxmuş tərəfdaşların ölkəsini tərk etdiyini” söyləyib:
“Onlara önəm verməyin. Çünki bizim dostumuz deyildilər, sadəcə olaraq yapışqan, təsadüfi yoldaşlar və asılı idilər”.