4 Noyabr 2022 22:28
2 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Təhlükəsizlik və Müdafiə İnstitutunun rəhbəri Periklis Zorzovilis məqaləsində ölkəsinin müdafiə sistemlərindəki çatışmazlıqlarını və Türkiyənin müdafiə sənayesi sahəsində nailiyyətlərini gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın son 20 ildə müdafiə sistemləri üçün böyük satınalma proqramını həyata keçirə bilmədiyinə diqqət çəkən Zorzovilis hazırda xidmətdə olan müdafiə sistemlərinin bu illər ərzində yenilənmədiyini deyib.

Zorzovilis Yunanıstandan fərqli olaraq, Türkiyədə keyfiyyət yüksəlişinin olduğunu bildirib.

O, Yunanıstanın sistemlərinin yenilənmə və gücləndirilmə zərurətindən başqa, daha bir çox ciddi problemlə üzləşdiyini yazıb:

“Rusiya istehsalı “Tor-M1”, “Osa-AK/AKM” və S-300 kimi müdafiə sistemlərinin Ukraynanın Rusiya tərəfindən işğalı və bunun nəticəsində Qərb ilə münasibətlərin pozulması ilə əlaqədar istismardan çıxarılması üçün geri sayım başlayır”.

Türkiyənin sənaye və texnologiya bazasının tədqiqat və inkişaf, dizayn və istehsal sahələrində fəaliyyət göstərdiyini bildirən Zorzovilis Türkiyənin hazırda öz ehtiyaclarını qarşılamaqla yanaşı, dünya bazarında tədarükçü kimi özünə yer etməyi bacardığını söyləyib.

Zorzovilis Türkiyənin istehsal etdiyi dronların Ermənistan-Azərbaycan və Ukrayna-Rusiya müharibələrində sübut edilmiş silah sistemləri kateqoriyasına aid olduğunu vurğulayıb.

Bu uğurların Türkiyənin PUA-larına tələbatı artırdığını deyən yunan mütəxəssis “Bayraktar TB2”-nin Azərbaycan, Efiopiya, Qətər, Mərakeş, Ukrayna, Pakistan, Polşa və s. kimi ölkələrə ixrac edildiyini deyib.

Zorzovilis Türkiyənin bir müddət əvvəl sınaqdan keçirdiyi “Tayfun” ballistik raketinə və bu sistemin atış məsafəsinə diqqət çəkib.

Türkiyənin sistemlərinin çeşidinin artmasının Yunanıstanın strateji dərinliyini ortadan qaldırdığını deyən Zorzovilis bu sistemlərin ölkəsinin istənilən nöqtəsini vura biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər