ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentindən Türkiyənin İraq və Suriyanın şimalında həyata keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı və PKK/PYD/YPG/SDQ terror təşkilatının Qaziantepə hücumları ilə bağlı açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, Pentaqonun açıqlamasında terror təşkilatı “Suriyadakı kürd qüvvələri” kimi təqdim edilib:
“Həftə sonu Türkiyənin Suriya və İraqın şimalında hava hücumları, Suriya kürd qüvvələrinin isə Türkiyənin cənubunda yeni hücumlar təşkil etdiyini gördük. Müdafiə Nazirliyi İraq hökuməti ilə razılaşdırılmamış hərbi əməliyyatlar vasitəsilə Suriyada sabitliyi və ya İraqın suverenliyini pozan istənilən hərbi əməliyyata qarşı çıxmaqda davam edir”, - Pentaqondan bildirilib.
Açıqlamada qeyd olunub ki, bu cür addımlar İŞİD-lə mübarizənin davam etdirilməsi və bu terror təşkilatının heç vaxt dirçələ bilməyəcəyinə əmin olmaq kimi ortaq məqsədləri təhdid edir.
ABŞ Dövlət Departamentinin açıqlaması isə daha qısa olub:
“ABŞ Suriya və Türkiyədə mülki insanların itkisi ilə bağlı başsağlığı verir. Mülki insanların müdafiəsi və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq. İraqda bu ölkənin suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik”.