Macarıstan Baş naziri Viktor Orbanın bazar günü paytaxt Budapeştdə Yunanıstanla yoldaşlıq matçında taxdığı və üzərində “Böyük Macarıstan”ı göstərən tarixi xəritə olan şərfi tənqid hədəfi olub.
Teleqraf.com xəbər verir ki, Macarıstan millisinin futbolçusu ilə görüşərkən şərf boynunda olan Orbanın görüntüləri sosial şəbəkədə yayımlandıqdan sonra qonşu Rumıniya və Ukraynadan reaksiya gəlib.
Rumıniyanın Avropa Parlamentinin (AP) üzvü Alin Mituta açıqlamasında macar baş nazirin məsuliyyətsiz davrandığını bildirib.
“Bu revizionist jestlər Orbanı sərhədləri dəyişmək arzusunda olan Putinə yaxınlaşdırır”, - deputat söyləyib.
Mituta qeyd edib ki, Orbana Avropa İttifaqı (Aİ) liderləri tərəfindən sanksiya tətbiq edilməlidir.
Rumıniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Macarıstanın Buxarestdəki səfirinin Orbanın davranışına görə şiddətli şəkildə qınandığı vurğulanıb.
“Mövcud faktlara və ümumi öhdəliklərə zidd hər hansı formada revizionist təzahür yolverilməzdir”, - bəyanatda deyilib.
Ukrayna Macarıstandan üzr istəməsini tələb edib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko açıqlama verib.
“Macarıstanda revizionist ideyaların təbliği Ukrayna-Macarıstan münasibətlərinin inkişafına kömək etmir. Macarıstanın Kiyevdəki səfiri İştvan İqyar nazirliyə çağırılıb və ona hadisənin qəbuledilməz olduğu bildirilib. Ukraynanın bu hadisəyə görə üzr gözlədiyi və Macarıstan tərəfinin dövlətimizin ərazi bütövlüyünə hörmətsizlik sayıla biləcək addımlardan çəkinəcəyinə ümid etdiyi vurğulanıb”, - Nikolenko deyib.
“Böyük Macarıstan” xəritəsi Birinci Dünya Müharibəsindən sonra 1920-ildə imzalanmış Trianon müqaviləsi ilə itirilən Macarıstan ərazilərini əhatə edir. Keçmiş Macarıstan Krallığının bəzi əraziləri indi Rumıniya, Serbiya, Ukrayna, Xorvatiya və Slovakiyanın bir hissəsidir.