24 Noyabr 2022 11:30
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı siyasət mütəxəssisi, Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Şarl Sen-Prot Türkiyənin Suriya və İraqın şimalında keçirdiyi “Pəncə-Qılınc” əməliyyatının ölkənin özünümüdafiə hüququnun tələbi olduğunu və beynəlxalq hüquqa zidd olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, İstanbuldakı terror aktından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə PKK/YPG terror təşkilatına qarşı əməliyyatın başlanıldığını deyən Sen-Prot PKK-nın 1984-cü ildən ölkəni təhdid etdiyini söyləyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun “terrorla mübarizə əməliyyatları üçün heç kimdən icazə almayacağıq” sözlərinə də toxunan ekspert bir sıra ölkələrin, xüsusən də ABŞ, Rusiya və Çinin həyati maraqları müzakirə mövzusu olduğu zaman hərəkətə keçdiklərini vurğulayıb.

“PKK və cinayət ortaqları regional sabitliyi təhdid edərkən, ABŞ-ın buna susması qorxunc korluqdur”, - ekspert qeyd edib.

Türkiyə ordusunun PKK-nın Suriya və İraqdakı varlığına son qoymaq istədiyini deyən Sen-Prot Türkiyənin özünümüdafiə hüququnun tələbi olaraq atdığı addımın beynəlxalq hüquqa və BMT razılaşmalarına zidd olmadığına diqqət çəkib.

Ekspert qeyd edib ki, PKK-nın Türkiyənin bölgədəki kürd əhalisini ərəb əhalisi ilə əvəzləyəcəyi ilə bağlı təbliğatı doğru deyil. Sen-Prot Türkiyənin müdaxiləsinin terror təşkilatı tərəfindən qəsəbə və kəndlərdən qovulan sakinləri öz evlərinə qaytarmaq və öz ərazi bütövlüyünü qorumaq məqsədi daşıdığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər