Türkiyə “Pəncə-Qılınc” əməliyyatından sonra PKK/PYD/YPG/SDQ terror təşkilatına qarşı quru əməliyyatına hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bu əməliyyatla terror təşkilatının Təl-Rıfat, Mənbiç və Ayn əl-Ərəb (Kobani) şəhərlərindəki mövqelərini hədəfə alması gözlənilir.
Terror təşkilatı liderləri əməliyyatdan əvvəl kömək üçün Rusiya və ABŞ-a müraciət ediblər. SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahin (Mazlum Kobani) Moskva və Vaşinqtona zəng edərək, Türkiyəni dayandırmaları üçün yalvarıb.
Fransanın AFP xəbər agentliyinə danışan yerli sakinlər və regional təşkilatlar Rusiyanın Hələbin şimalına hərbi dəstək göndərdiyini bildiriblər.
Türkiyə sərhədindən 15 km aralıda yerləşən Təl-Rıfat qəsəbəsinin sakinləri ərazidə rus hərbçilərinin olduğunu deyiblər:
“Rusiya hərbçiləri yaxınlıqdakı kənddə Türkiyə qüvvələri və Ankaraya dəstək verən suriyalılarla məsafə üçün yollarda barrikada qurublar”.
Təl-Rıfatda Türkiyənin dəstəklədiyi Suriya qüvvələri bölgənin şimal, Rusiyanın dəstəklədiyi qüvvələr isə cənub ərazilərinə nəzarət edir.
Mərkəzi Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Monitorinq Qrupu bildirib ki, Rusiya Əsəd rejiminin nəzarətində olan Təl-Rıfat yaxınlığındakı hava bazasındakı hərbçilərinin sayını artırıb.
Qrupun rəhbəri Rami əl-Rəhman AFP-yə deyib:
“Rusiyanın bölgəyə dəstək göndərməsi Türkiyənin əməliyyatını dayandırmaq və ya yavaşlatmaq üçün atılan addım ola bilər”.
Məlumata görə, Rusiyanın göndərdiyi əlavə qüvvələri də Ayn əl-Ərəb ətrafına çatıb.
2019-cu ildə də Rusiya Türkiyənin əməliyyatının qarşısını almaq üçün terror təşkilatının işğalı altında olan bəzi bölgələrə hərbi qüvvələr göndərmişdi.