7 Dekabr 2022 19:14
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın dağlıq hissəsində baş verən son gəlişmələr Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin və gömrük postunun qurulması ilə yekunlaşacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Rusiya sülhməramlıları və ermənilərin Azərbaycan ərazilərindəki separatçı-təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Xankəndiyə və Xocalıya tankla deyil, “yumşaq güc” vasitəsilə qayıdacağıq. Təbii ki, “yumşaq güc”ün arxasında həm də hərbi güc faktoru dayanır. Oralar bizim ərazilərimizdir. Buna görə də Azərbaycan rəsmiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri indi etnik ermənilərin yaşadıqları bu ərazilərə maneəsiz girməlidirlər. Rusiya sülhməramlı da əngəl yaratmamalı, əksinə öz ərazilərinə getmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Amma biz bunun əksini görürük.

Rusiya sülhməramlılar öz missiyalarından kənar fəaliyyət göstərirlər. Təbii ki, bunu özbaşına etmirlər. Sülhməramlılara bölgədə erməni separatizmini qoruyub-saxlamaq təlimatı birbaşa Kremldən gəlib.

Hesab edirəm ki, proses Azərbaycanın Laçın yolunda gömrük postunun və sərhəd-keçid məntəqəsinin qoyulması ilə nəticələnəcək. Çünki baş verənlər Azərbaycanın suverenliyini təhdid edir. Rusiya Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya və reinteqrasiyasına imkan verməyəcək. Əksinə Moskvadan tapşırıqla göndərilmiş Ruben Vardanyan vasitəsilə yeni təxribatlara hazırlaşırlar.

Qənaətimə görə, prosesin xarakterinə uyğun olaraq, Azərbaycanın addımları sərtləşə bilər. Azərbaycan öz ərazilərində təxribatçı fəaliyyətlərə imkan verməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu