10 Dekabr 2022 10:05
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Türkməneli bölgəsinin paytaxtı Kərkük mühasirəyə alınır.

Teleqraf.com xəbər verir ki, İraq Türkmən Cəbhəsinin (İTC) sözçüsü Məhmət Saman Ağaoğlu Kərkükün hərbi olduğu kimi iqtisadi cəhətdən də mühasirəyə alındığını, Kürdüstan Demokratik Partiyası (KDP), Kürdüstan Vətənpərvərlər Birliyi (KVB) ilə yanaşı, PKK terror təşkilatının da bu işdə iştirak etdiyini bildirib.

Ağaoğlu PKK-nın qurduğu şirkətləri vasitəsilə Kərkükdə bir çox sektoru ələ keçirdiyini deyib:

“Terror təşkilatı şəhər və ətrafında aktiv fəaliyyətdədir. Oktyabrın 16-da bizi dünyaya bağlayan Kərkük hava limanında uçuşlar dayandırıldı. Türkiyəyə uçuşların istiqaməti Ərbilə dəyişdirilib. İraq parlamentinin sədr müavini vəzifəsinə təyin olunan KDP-dən Şahəvan Abdullah “Kərkük hava limanının bağlanması üçün əlimizdən gələni edəcəyik” deyib. Kərküklə bağlı təhlükəli oyun gedir”.

İTC sözçüsü türkmənlərin Ərbilə məhkum edilməsinin doğru olmadığını söyləyib:

“Orada bizə elə yanaşırlar ki, sanki başqa ölkəyə gedirik, təqib olunuruq. Məqsədləri Türkiyə ilə əlaqələrimizi qırmaqdır. Bundan əlavə, 1000-dən çox türkmən gənci Təlafər və Kifridə PKK-ya xidmətə məcbur edirlər. Məkrli planla bu gəncləri terror təşkilatından asılı vəziyyətə salmağa çalışırlar. Bunun qarşısı alınmasa, fəlakətin ölçüsü daha da böyüyəcək”.

Ağaoğlu Kərkük limanını bağlamaq yarışına girənlərin uduzacağını və Türkiyənin mövzu ilə bağlı təşəbbüslərini artırdığını vurğulayıb.

Türkməneli partiyasının sədri Riyaz Sarıkahya Türkiyənin Kərkük hava limanının açılmasına böyük töhfə verdiyini deyərək, kürdlərin Kərkük valisini dəyişməyə çalışdıqlarını da diqqətə çatdırıb. Sarıkahya Kərkük ətrafında qəsdən təhlükəsizlik boşluğunun olduğunu bildirib.

“Həm daxili təhlükəsizliyə, həm də ətrafdakı terror təhlükələrinə qarşı ərəb, türkmən və kürd briqadalarından ibarət diviziya yaratmaq təklifi ilə çıxış etdik. Kərkük məsələsi təkcə İraqla bağlı deyil, bu məsələnin İran və Türkiyə tərəfləri də var”, - partiya sədri əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər