ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini yeniləyiblər.
Teleqraf.com xəbər verir ki, bəyanatda Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiya təhdid edilib.
“Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsi qarşısında Ukrayna ilə həmrəy olduğumuzu bildiririk”, - bəyanatda deyilir.
Bəyanatda Rusiyanın Ukraynadakı kritik infrastrukturlara qeyri-insani və amansız hücumları pislənərək, onun mülki şəxslərə qarşı davranışlarının müharibə cinayəti yaratdığı xatırladılıb.
“Müharibə cinayətləri və digər vəhşiliklər cəzasız qalmamalıdır. Putini və digər məsul şəxsləri beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edəcəyik. Bir daha təsdiq edirik ki, Rusiyanın məsuliyyətsiz nüvə ritorikası qəbuledilməzdir və kimyəvi, bioloji və ya nüvə silahından istənilən istifadə ciddi nəticələrə səbəb olacaq”, - bəyanatda vurğulanır.
G7 ölkələri həmçinin Rusiyadan müharibəni dərhal dayandırmağı və hərbi qüvvələrini Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.