"Aksiya keçirilən məkan Laçın dəhlizi, Xankəndi-Gorus yolunun bir hissəsi olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin ərazisidir. Bəli, orada rus sülhməramlıların müvəqqəti nəzarətin olan ərazi var. Mən hesab edirəm ki, Azərbaycan dövlət orqanları və müvafiq qurumlar qısa müddət ərzində suverenliyi orada da bərpa etməlidir".
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
O qeyd edib ki, ərazidə olan Rusiya sülhməramlı kontingenti üçtərəfli saziş əsasında burada xidmət göstərir və üzərinə götürdüyü öhdəlikləri, xidmət səlahiyyətini olduğu kimi yerinə yetirməlidir.
Cəlaloğlu təəssüflə vurğulayır ki, sülhməramlılar öz missiyasına aid olan vəzifəni həyata keçirmir: “Bu azmış kimi hətta üçtərəfli razılaşmaya zidd olaraq orada müəyyən fəaliyyət göstərir. Konkret olaraq oraya silah-sursat daşınır, dünyanın müxtəlif ölkələrindən terrorçular gətirilir. Azərbaycan sərhədində kiçik bir pəncərə açılıb və bu pəncərədən hər cür təhlükəli silahlar, adamlar gəlib-gedir”.
Partiya sədri bu səbəbləri əsas gətirərək vurğulayıb ki, Laçın yolu bağlanmalıdır: “O cümlədən sülhməramlı qüvvələr Xankəndinin girişində postlar qoymalıdır. Xankəndi ərazisində isə Azərbaycan dövlət orqanlarının nəzarətinə və hərəkətinə rus sülhməramlı qüvvələri maneə deyil, kömək olmalıdırlar. Azərbaycan dövləti orada olan silahları və beynəlxalq terrorçuları yığmalıdır. Tədricən Xankəndi iqtisadi rayonu Azərbaycan yuridiksiyasına qayıtmalıdır. Bunun üçün nə tələb edilirsə, həmin addımlar da atılmalıdır”.