16 Dekabr 2022 23:12
2 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra İranda başlayan hadisələr xalqın uzun müddətdir davam edən demokratiya və azadlıq tələbləri ilə birləşdikdə, iqtisadi-sosial problemlərdən qaynaqlanan ictimai narazılıq üzə çıxdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Məcburi hicaba qarşı başlayan etirazlar qısa müddətdə bütün ölkəyə yayılan rejim əleyhinə nümayişlərə çevrildi. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yüzlərlə nümayişçi həyatını itirib, 10 mindən çox insan isə həbs olunub. 25 nəfər edam cəzası ilə mühakimə olunarkən, 2 nümayişçinin qısa müddətdə edam edilməsi İranın məhkəmə sisteminə qarşı həm daxildə, həm də xaricdə narazılığı gücləndirdi.

Polisin nümayişçilərə sərt müdaxiləsi dünya mediasında geniş yer alarkən, digər tərəfdən Ukrayna müharibəsində İranın Rusiyaya verdiyi kamikadze PUA-larından istifadə edilməsi Qərbdə Tehrana qarşı etirazları daha da sərləşdirib.

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları çərçivəsində ümumilikdə 24 şəxs və 5 təşkilatı siyahıya əlavə edib. Avropa Şurasından dekabrın 12-də verilən açıqlamada Məhsa Əmininin ölümündən sonra ölkəyə yayılan etiraz aksiyalarına müdaxilələrə görə 20 nəfərin və bir təşkilatın sanksiya siyahısına əlavə edildiyi də deyilib.

20 nəfər arasında İran ordusunun baş komandanı Əbdürrəhim Musəvi və ona bağlı əyalət komandirləri, daxili işlər nazirinin müavini Məcid Mirəhmədi, İran Radio və Televiziya Şirkətinin (İRİB) direktoru Peyman Cəbəlli və onun müavini Möhsün Burmaxani, Ekspertlər Məclisinin üzvü Əhməd Hatəmi və digərləri də var.

Sanksiya siyahısına Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən şəxslər, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi PUA-ların hazırlanmasında və çatdırılmasında rol oynamış İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi və əlavə 4 şəxs əlavə edilib. Eyni siyahıda, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün araşdırma, təkmilləşdirmə aparan və PUA istehsalı ilə məşğul olan 4 təşkilat da yer alıb.

Yenə AB oktyabrın 17-də 11 İran vətəndaşı və 4 təşkilata, noyabrın 14-də isə 29 şəxs və 3 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

İran dekabrın 14-də qadınların hüquqlarını pozduğuna görə BMT-nin Qadınların Statusu Komissiyasından xaric edilib.

Yerləşdiyi bölgədə də durum İranın əleyhinədir. Tehran Rusiyadan sonra ən böyük və yeganə dəstəkçilərindən birini – Çini də itirmək üzrədir.

Çin sədri Si Cinpinin dekabrın 7-9-da Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkənin yaydığı birgə bəyanatda İran digər ölkələrin daxili işlərinə qarışmamağa çağırılıb. Tehranın “strateji tərəfdaş” kimi qələmə verdiyi Çinin ərəb ölkələri ilə sıxlaşan əlaqələri İranı narahat etsə də, görünən odur ki, Pekin öz milli maraqlarına uyğun hərəkət etməkdə qərarlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər