17 Dekabr 2022 18:14
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peruda prezident Pedro Kastilyonun dekabrın 7-də vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlar səbəbindən 5 min turist çıxılmaz duruma düşüb.

Teleqraf.com xəbər verir ki, Perunun bir çox yerində davam edən etirazlar səbəbindən Kusko şəhərindəki Alexandro Velasko Astete Beynəlxalq Hava Limanı müvəqqəti olaraq uçuşlara bağlanıb.

Nümayişçilərin hədəfi olan hava limanının dekabrın 12-dən etibarən bağlı olması səbəbindən 5 min turist müxtəlif otellərdə gözləməyə davam edir.

Perunun ən əhəmiyyətli qədim turizm şəhəri Maçu Pikçuya gələn minlərlə turistin yollara qurulan barrikadalar və komendant saatı səbəbindən hava limanına gedə bilməyəcəyi bildirilir. Digər tərəfdən, Maçu Pikçu bələdiyyəsinin sabah 4 helikopterlə turizm bölgəsindən əcnəbilərin təxliyyə əməliyyatı həyata keçirəcəyi qeyd edilib.

Hökumət əleyhinə nümayişlər zamanı baş verən hadisələrdə ölənlərin sayı 20-yə yüksəlib, 500-dən çox insan yaralanıb.

Etirazlarda ölənlərə görə 6 gün əvvəl and içən mədəniyyət və təhsil nazirləri tutduqları vəzifələrdən istefa verdiklərini açıqlayıblar.

Etirazçılar ölkənin yeni prezidenti Dina Boluartenin istefasını, məhbus Kastilonun azad edilməsini, Konqresin bağlanmasını və dərhal seçkilərin təyin olunmasını tələb edirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər