“İran nüvə silahı əldə edərsə, Türkiyə də nüvə silahına yiyələnmək barədə ciddi düşünmək məcburiyyətində qalacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İranın bölgə dövlətlərini təhdid edən nüvə fəaliyyətlərinə diqqət çəkib:
“İranın dini lideri Əli Xameneyinin müşaviri Kamal Xərrazi Tehranda keçirilən dialoq forumunda deyib ki, ölkəsinin nüvə bombası istehsal etmək imkanı var, ancaq istehsal etmək fikrində deyil. Ancaq onun sonrakı cümləsi ilk fkrini təkzib mahiyyətlidir: “Nüvə texnologiyasına sahib olmaq çəkindiricidir”.
Yəni İranın nüvə silahı olsa, heç bir dövlət Tehrana təzyiq edə bilməyəcək.
İstanbulda ötən həftə bölgədəki vəziyyətlə bağlı iki günlük konfransda iştirak etdim. Müxtəlif mövzuları müzakirə etdikdən sonra konfrans iştirakçılarına belə bir sual verdim: “İran bir gün nüvə silahı əldə etdiyini açıqlayarsa (bu istisna deyil), Türkiyə və Azərbaycan hansı addımları atacaq?”.
Məsələ budur ki, İranın nüvə silahına yiyələnə biləcəyindən ehtiyat edən əsas ölkələr bunlardır: İsrail, ABŞ və Səudiyyə Ərəbistanı. Ancaq Azərbaycanın da İranla münasibətlərində gərginlik hökm sürür.
Fikrimcə, İran nüvə silahı əldə edərsə Türkiyə də nüvə silahına yiyələnmək barədə ciddi düşünmək məcburiyyətində qalacaq. İran ətrafda bir qisim dövlətin – Hindistan, Pakistan, Rusiya, Çin və İsrailin sırasına qatılarsa, Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı da oxşar fəaliyyətlərə başlayacaq”.
Elxan Şahinoğlu İranın nüvə silahına yiyələnməsinin Azərbaycanın təhlükəsizliyinə də təhdid yarada biləcəyini söyləyib:
“İranın nüvə silahına yiyələnməsi Azərbaycanın maraqlarına da ziddir. Ancaq aydındır ki, nüvə silahına yiyələnmək kimi planımız yoxdur. Buna baxmayaraq, İran nüvə silahı əldə edərsə, təhlükəsizlik təminatımızın artırılması barədə ciddi düşünməli olacağıq”.