Çin xarici işlər naziri Vanq Yi amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığında son vaxtlar münasibətlərdə yaranmış gərginliklə bağlı fikirlərini bildirib.
Teleqraf.com xəbər verir ki, Yi Vaşinqtonun Çinə sanksiya siyasətini davam etdirərkən dialoqa can atmasının mənasız olduğunu deyib.
“ABŞ əməkdaşlıqdan danışarkən arxadan bıçaq vurmamalıdır”, - nazir bildirib.
Nəticəsi sıfır olan rəqabətin yalnız baş-başa toqquşmalarla nəticələnəcəyini qeyd edən Vanq Yi vurğulayıb: “Bu münasibət məqbul rəqabətə deyil, ağlasığmaz təzyiqə gətirib çıxarır. Bu, fərqlilikləri idarə etmək əvəzinə qarşıdurmanı gücləndirir. Keçmişdə Çinə qarşı uğurlu olmayıb, gələcəkdə də olmayacaq”.
Nazir Çinin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcəyini söyləyib.
Blinkenin gələn ay Pekinə planlaşdırılan səfərindən əvvəl baş tutan telefon danışığında Vanqın sərt ritorikası diqqət çəkib.
ABŞ Dövlət Departamenti görüşlə bağlı açıqlamasında Blinkenin iki ölkə arasındakı əlaqələrin məsuliyyətli şəkildə idarə edilməsi və tərəflər arasında ünsiyyət kanallarının açıq saxlanmasının vacibliyinə diqqət çəkdiyini qeyd edib.