28 Dekabr 2022 12:44
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov iddia edib ki, Pentaqondakı bəzi məmurlar Rusiya lideri Putini sıradan çıxarmağı planlaşdırırlar.

Teleqraf.com xəbər verir ki, Rusiyanın rəsmi TASS xəbər agentliyinə geniş açıqlama verən Lavrov Qərb-Rusiya münasibətlərində uçurumun getdikcə dərinləşdiyini vurğulayıb.

“ABŞ düşmənçilikdə ən uzaq nöqtəyə çatıb. ABŞ Müdafiə Nazirliyində (Pentaqon) bəzi naməlum məmurlar sərsəm planlar qurmağa başlayıblar. Onlar Kreml sarayında nöqtə vuruşu ilə prezident Vladimir Putini fiziki cəhətdən kənarlaşdırmaq düşüncəsindədirlər. Eşitdiyimiz iddialar doğrudursa, bu cür çılğınlığı planlaşdıranlar atacaqları addımın nəticələrini çox diqqətlə götür-qoy etməlidirlər”, - deyə o bildirib.

Ukrayna müharibəsini bitirmək üçün son günlər Rusiya lideri Putinin sıradan çıxarılması ilə bağlı Qərbdə heç bir izahat verilməsə də, Lavrovun sözləri "bomba effekti" yaradıb.

Ötən ilin sentyabrında Qərbdə Rusiyanın Ukrayna müharibəsində nüvə silahından istifadə edə biləcəyi polemikasının gücləndiyi vaxt Amerikanın “Newsweek” jurnalı da oxşar məzmunlu məqalə ilə gündəmə gəlmişdi. Məqalədə Putinin nüvə düyməsini basacağı təqdirdə ABŞ-ın Rusiyaya nüvə silahı ilə cavab vermək əvəzinə, “nüvə müharibəsi tətiyi”nin olduğu yeri aradan qaldırmaq üçün Rusiya liderini adi döyüş sursatları ilə vurmağı planlaşdırdığını açıqlayıb.

Siyasi analitiklər Lavrovun belə fikirlər işlətməsini Kreml daxilində ciddi rəqabət mühitinin olması kimi yozurlar.

Bir neçə il əvvələ qədər Rusiyada Vladimir Putindən sonra ikinci adam rolunu oynayan Dmitri Medvedev Ukrayna müharibəsi ilə yeni radikal millətçi rolunda 2023-cü il üçün “Qərb dağılacaq” öncəgöürüm ilə gündəmə gəlib.

Rusiya dövlət iyerarxiyasında kiçik, lakin rəsmi vəzifəsi olmasına baxmayaraq sosial media hesabından populist ritorika ilə ortaya çıxan Medvedev 2023-cü ildə baş verəcəkləri 10 istiqamətdə açıqlayıb:

1. Dünya bazarlarında neftin bir barelinin qiyməti 150 dollar, təbii qazın 1000 kubmetri isə 5000 dollar olacaq.

2. Ötən illərdə Avropa Birliyindən (AB) çıxmaq üçün böyük səy göstərən İngiltərə gələn il yenidən AB-yə üzv olmaq istəyəcək.

3. Böyük Britaniya AB-yə yenidən daxil olduqdan az sonra qurum daxili fikir ayrılıqları səbəbindən dağılacaq.

4. Ukraynadakı hadisələrin kölgəsində Macarıstan və Polşa da müharibəyə cəlb olunacaq və Ukraynanın bir hissəsini ilhaq edəcək.

5. AB-nin dağılmasından sonra Polşa və Baltikyanı respublikaları, Çexiya, Sloveniya, Rumıniya və Ukrayna ilə birlikdə Kiyev knyazlığı ilə 4-cü Alman imperiyası qurulacaq.

6. Almaniya 4-cü imperiyanı qurduqdan sonra onlarla Fransa arasında yeni böyük müharibə başlayacaq.

7. Avropada böyük parçalanmadan sonra sərhədlər yenidən çəkiləcək. Polşa indiki kimi qalmayacaq.

8. İngiltərədə böyük qarışıqlıq başlayacaq. Şimali İrlandiya Britaniyadan ayrılaraq İrlandiya respublikasına qoşulacaq.

9. ABŞ-da vətəndaş müharibəsi başlayacaq. Mərkəzi Vaşinqton administrasiyasına qarşı üsyana qalxan Kaliforniya və Texas ştatları müstəqillik elan edəcəklər. İlon Mask 2024-cü ildə ABŞ-ın qalan ərazilərində prezident seçkilərində qalib gələcək. O, Texas-Meksika federasiyası yaradacaq.

10. ABŞ dünyanın maliyyə mərkəzi olmaqdan çıxacaq. Bütün ticarət platformaları ilə birjalar Avropa və Asiyaya keçəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər