ABŞ hökuməti F-16-ların Türkiyəyə satışına razılıq verdikdən sonra əvvəlcə erməni və yunan lobbiləri bunun qarşısını almaq üçün hərəkətə keçmişdi. Ardınca Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibətilə tanınan senator Bob Menendez F-16-nın satışının qarşısını alacağına and içmişdi. Amerikalı senatorlar bu dəfə İsveç və Finlandiya üçün eyni kartı ortaya atıblar.
Teleqraf.com xəbər verir ki, ABŞ Senatının 27 üzvü Prezident Co Baydenə məktub yazaraq, Türkiyəyə satışın qarşısını almaq istədiklərini açıq şəkildə dilə gətirib.
Məktubda qeyd olunur ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesi yekunlaşmayana qədər Konqres Türkiyəyə veriləcək dəstəyin arxasında dayana bilməz.
CNN-ə görə, Ankaraya F-16 satışları ən böyük hərbi satışlarından biri olacaq.
İsveçin “Expressen” qəzeti isə yazır ki, Bayden administrasiyası F-16 satışı məsələsində ehtiyatlıdır. Xəbərdə “Wall Street Journal” qəzetinin F-16-nın satışı ilə bağlı məqaləsinə istinad edilib və qırıcıların Türkiyənin İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin təsdiq edilməsində daha istəkli olması üçün “yerkökü rolu”nu oynayacağına ümid edildiyi iddia olunub.
Digər tərəfdən, xarici işlər naziri Mövlud Çavuşoğlunun bunun təkcə Türkiyə deyil, NATO və ABŞ üçün də önəmli olduğunu dediyi xatırladılıb.