3 Fevral 2023 22:28
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin son dövrlərdə xarici siyasətdə əldə etdiyi uğurlar dünya mediasının da diqqətini çəkir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Xarici Siyasət Araşdırmaları İnstitutunun analitik materialında Türkiyə ilə bağlı diqqətçəkən məqamlara yer verilib.

Məqalədə Türkiyənin əvvəldən mövcud olan status-kvonu qorumaq niyyətində olduğu bildirilib:

“Əvvəllər Türkiyə qonşuları ilə mübarizə aparırdı. Amma zamanla Türkiyənin hərbi, iqtisadi və diplomatik gücü artdıqca bu durum dəyişdi. Türkiyənin xarici siyasəti indi regional nizamı yenidən formalaşdırmağa başlayır”.

Təhlilin davamında vurğulanıb: “Türkiyənin dinamikası ölkə üçün gərginlik yarada bilər, amma proses yaxşı idarə oluna bilsə, bu, Türkiyə ilə Qərb arasında daimi fikir ayrılığının olmayacağı anlamına gələcək”.

Analizdə Türkiyənin baxış bucağını anlamaq üçün türk tarixinə nəzər salmaq lazım olduğu qeyd edilib və Osmanlı İmperiyasının bir çox qitədə hökmranlıq etdiyi diqqətə çatdırılıb. Osmanlının süqutundan sonra Türkiyənin əvvəlcə sərhədlərini qorumağa çalışdığı, amma indi status-kvonun dəyişdiyi qeyd olunan təhlildə deyilib: “Prezident Ərdoğan fərqli strategiya izlədi. Türkiyə artıq yerində dayanmır, hərəkətə keçib”.

Məqalənin davamında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yüksəlişi ilə təkcə xarici yox, daxili siyasətdə də mühüm addımların atıldığı bildirilib.

Təhlildə ABŞ-la bağlı da maraqlı məqama vurğu edilib. ABŞ-ın Türkiyə ilə əlaqələrinin çox önəmli olduğu qeyd edilən təhlildə amerikalı siyasətçilərin Türkiyənin regional mövqeyini və tarixi trayektoriyasını anlamalı olduqları vurğulanıb. Vaşinqtonun Ankara ilə yaxşı münasibətlərinin ABŞ-ın inkişafı üçün önəmli olduğu diqqətə çatdırılıb.

Bundan əlavə, məqalədə Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlikdən bəhs olunaraq, iki ölkənin aralarındakı problemləri həll etməli olduğu və hər iki ölkənin NATO üzvü olduğu deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu