Türkiyədə Təbii Qaz Paylama və Ticarət Mərkəzinin yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Bu il ilk ticarət əməliyyatını həyata keçirməyə hazırlaşırıq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Onun sözlərinə görə, bir sıra ölkələrlə ticarət qaz qovşağı mövzusu müzakirə edilib. "Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin nümayəndələri Türkiyə mərkəzi layihəsini dəstəkləməyə hazır olduqlarını bəyan etdilər", - deyə nazir bildirib.
F.Dönməz qeyd edib ki, Türkiyə üçün öz enerji təhlükəsizliyinin təmin edilməsi prioritet olaraq qalır.
Türkiyəli nazir xatırladıb ki, təkcə Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə 20 milyard kubmetrə yaxın Azərbaycan qazı Avropaya tədarük edilib. Onun sözlərinə görə, Türkiyə TANAP vasitəsilə eyni miqdarda mavi yanacaq alıb.
"TANAP vasitəsilə tədarükün ikiqat artırılması ilə bağlı ümumi rəy var. Bu istiqamətdə işlər davam etdirilir. Bu, həm də yaxın 3-4 ildə qaz hasilatının artırılmasını nəzərdə tutur ki, bu da şübhəsiz ki, həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək", - deyə nazir bildirib.