Zəlzələ nəticəsində Suriyada insan itkisinin 7 mini keçəcəyi gözlənilir. BMT ölkənin şimal-qərbinə kifayət qədər yardımın çatdırılmadığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, axtarış-xilasetmə işinin davam etdiyi ölkədə ölənlərin sayı 5273-ə yüksəlib.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu dağıntılar altında hələ də insanların olduğunu və proses başa çatdıqdan sonra ölü sayının 7000-i keçəcəyini bildirib.
Silahlı müxalifətin nəzarəti altında olan zəlzələ bölgəsində ən böyük problem yardımın olmamasıdır.
BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Griffits "İndiyə qədər bölgədəki insanları məyus etmişik" deyib. Onun sözlərinə görə, hazırkı vəzifəsi bu uğursuzluğu ən qısa zamanda aradan qaldırmaqdır.
Dünən BMT-nin 10 yük maşınından ibarət karvan Türkiyədən Suriyaya keçib.
Qətər bölgədə axtarış-xilasetmə işləri aparan və yeganə təşkilat olan "Ağ Dəbilqəlilər"i qaynaqla təmin etməyi öhdəsinə götürüb. Böyük Britaniya komandaya 3,8 milyon funt sterlinq maliyyə ayırdığını bildirib.
İndiyədək ərzaq, dərman və bu kimi humanitar yardımlarla dolu 57 təyyarənin Dəməşqə çatdığını bəyan edən Suriya hökuməti hələ də onların nəzarətdən kənar şimala daşınmasına icazə verməyib. Dünən nəzərdə tutulan ilk göndəriş heç bir izahat verilmədən son anda ləğv edilib.
Bu arada Türkiyədə həlak olan mindən çox qaçqının cənazəsi ölkələrinə aparılıb. Türkiyədə zəlzələlərdə ən azı 3700 suriyalı qaçqının öldüyü ehtimal olunur.